KANAL24.AZ
Az Iw En Ru

"Azİmport" Buzovnada binaların üzlüklərini və dam örtüklərini dəyişəcək

Son günlər bəzi internet resurslarında “Müraciət” başlığı altında  “Bakı şəhəri, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi, 2” ünvanında yerləşən çoxbloklu doqquzmərtəbəli binanda üzləmə işlərinin tamamlanmaması ilə əlaqədar yaranmış vəziyyət barədə mətn yayılıb. Məzmunca müraciətə oxşasa da, kimlər tərəfindən imzalandığı məlum olmayan bu mətndə “binanın dövlət vəsaiti hesabına üzlənməsi ilə “Azimport” MMC-nin məşğul olduğu” qeyd edilir.
 
“Azİmport” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsi bununla əlaqədar məlumat yayıb. Məlumatda bildirilir ki, Buzovna qəsəbəsindəki Mustafa Sübhi küçəsi 2, 3, 3a, 4 və Rasim İmanov  küçəsi 26a, 28a, 32a, 36, 38a saylı binalarda təmir və poliuretanla üzlənməsi işləri əvvəllər başqa bir şirkət tərəfindən aparılıb. Lakin bir il əvvəl Bakıdakı baş verən məlum yanğın hadisəsindən sonra - Avropa Oyunları ərəfəsində həmin binalarda üzlüklərin təhlükəsiz materiallarla dəyişdirilməsi ilə “Azİmport” MMC məşğul olub. Şirkət müəyyən edilmiş qısa müddətdə, 2015-ci ilin iyun-avqust aylarında 9 binaın dördündə - 3, 3a, 4 və 38a saylı binalarda üzlənmə işlərini tam başa çatdırıb, digər binaların isə magistral yola baxan hissələrinin üzlüklərini dəyişdirib. Bütün bunlar Xəzər Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin nəzarəti altında, “Azİmport” MMC-nin öz vəsaiti hesabına aparılıb və həmin müddət ərzində görülən işlərə 980 min manata qədər pul xərclənib.
 
"Təəssüf ki, son bir ildə obyektiv və subyektiv səbəblərdən maliyyə vəziyyətinin pisləşməsi nəticəsində “Azİmport” MMC-nin icra etdiyi bəzi layihlərin vaxtında başa çatdırılması, o cümlədən sözügedən binalarda işlərin tamamlanması mümkün olmayıb. 
Bununla belə, şirkət ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinə arxalanaraq, icrasına başladığı layihələrlə bağlı yaranan problemləri öz daxili imkanları hesabına həll etmək əzmindədir və həll edir" deyə, "Azİmpot" MMC bəyan edir.
 
Məlumatda o da qeyd olunur ki, adıçəkilən “Müraciət”in elektron KİV-də yayılmasından bir neçə gün əvvəl “Azİmport” MMC-nin mütəxəssisləri Buzovna qəsəbəsində olub, təmiri tamamlanmamış binaların vəziyyətinə baxış keçiriblər. Baxış zamanı müəyyən edilib ki, başqa bir şirkət tərəfindən keyfiyyətsiz iş görülməsi səbəbindən binaların dam örtüyündə də ciddi fəsadlar yaranıb: "Hazırda “Azİmport” MMC-nin inşaatçıları üzlənməsi tamamlanmamış binalarda işə başlayıb. Bu işlər təkcə binaların üzlənməsini deyil, həmçinin dam örtüklərinin təmirini və ərazinin abadlaşdırılmasını da əhatə edəcək".
 
İctimaiyyətlə əlaqələr şöbəsi xatırladır ki, Bakıda tikinti-abadlıq işlərinin aparılmasında, paytaxta xüsusi gözəllik verən bir sıra binaların, park və bağların inşasında fəal iştirak etmiş “Azİmport” MMC-nin fəaliyyətinə kimlərinsə kölgə salmaq cəhdləri əbəsdir. Şirkət öz obyektlərində yaranmış bütün problemləri yaxşı bilir və daxili imkanlarını onların ardıcıllıqla aradan qaldırılmasına yönəldib.


19:19 13.06.2016
Xəbər lenti
Bütün xəbərlər