KANAL24.AZ
Az Iw En Ru

İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə

Dünya siyasətinin təhlili və araşdırmaları ilə məşğul olan beyin mərkəzləri cəmiyyətlərə innovativ
ideyalar təqdim edir,
informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi
fonunda fəaliyyət göstərirlər. Əsasən siyasətçilərin elmi araşdırma ilə məşğul olduğu bu mərkəzlərin
əsas funksiyaları ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və
geniş sosial müzakirə mövzularını təhlil etməkdir.
Dünya siyasətinin qaynar, önəmli məkanı olan Cənubi Qafqazda son illərdə bu cür mərkəzlərin
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər sayca artdığı kimi, fəaliyyət istiqamətləri baxımından da
diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət göstərən, beş əsas istiqamət üzrə araşdırmalar aparan beyin
mərkəzləri "big data" (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və
araşdırmalar, texniki-elmi təhlillər, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və
qiymətləndirilməsi ilə bağlı yaranan "data"ların obyektiv təhlili ölkəmizə diqqəti artırıb.
Ümumiyyətlə, dünyada 6500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin bir çoxu
effektiv kommunikasiyanın qurulması, onların təsir imkanlarının artırılması və nəticənin əldə
edilməsində ölçü meyarları barədə standartlar müəyyənləşdirmək üçün araşdırmalar aparır. Bu beyin
mərkəzləri son 30 ildə qloballaşma və idarəetmə, beynəlxalq iqtisadiyyat, ətraf mühit problemləri,
beynəlxalq sülh və təhlükəsizlik, yoxsulluğun azaldılması, səhiyyə və qlobal sağlamlıq, informasiya və
cəmiyyət kimi mühüm sahələrdə bilik və siyasət arasında körpü yaratmağa kömək edən bir sıra qlobal
təşəbbüslər irəli sürüblər. Beyin mərkəzləri beynəlxalq əməkdaşlıq səylərini artırmaqla bütün dünyada
vətəndaş cəmiyyətlərini gücləndirir, siyasi qərarların qəbul edilməsi prosesini təkmilləşdirir, regional və
beynəlxalq şəbəkələr yaradırlar.
Hər hansı bir ölkənin daxili və xarici siyasətində, vətəndaş cəmiyyətində iqtisadi siyasəti təhlil
edən tədqiqat mərkəzləri daha önəmli rola malikdirlər. Beyin mərkəzlərində dünyanın aparıcı alimləri
və mütəxəssisləri çalışırlar, həlli vacib məsələlər üzrə siyasi sənədlər hazırlayırlar.
Ölkəmizdə beyin mərkəzlərinin iştirakı ilə beynəlxalq forumların, konfransların təşkili ənənə halını
alıb. Cənubi Qafqazın lider dövlətlərindən olan, dünyanın siyasi arenasında əhəmiyyəti artan, bölgədə
sabitliyin yaranması üçün liderlik vəzifəsini yerinə yetirən Azərbaycanda 2022-ci il sentyabrın 28-də
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Beyin Mərkəzlərinin I Forumu
keçirilib. Forumun keçirilməsində əsas məqsəd politoloqların birləşdiyi mərkəzlərin fəaliyyətinin
stimullaşdırılması və onun dövrün tələblərinə uyğun təşkili, dövlət qurumları və beyin mərkəzləri
arasında mütəmadi kommunikasiyanın, əməkdaşlığın qurulmasının təmin olunması idi. Bu cür
forumlarda aparılan müzakirələr və verilən təkliflərin müzakirəsi proqnozların istiqamətləndirilməsi
baxımından çox əhəmiyyətlidir.
Belə ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən
"Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq", bir il sonra Şuşada başlayan,
daha sonra işini Bakıda davam etdirən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq
konfranslar da iştirakçıların sayının artması xüsusilə diqqəti cəlb edir. 23 ölkəni təmsil edən 40 iştirakçı
ilə keçirilən konfransda ölkəmizin mədəniyyət mərkəzi sayılan bu şəhərdə aparılan quruculuq və bərpa
mövzusuna həsr edilmiş konfransın "Əməkdaşlıq, imkanlar və çağırışlar" adlı panel müzakirələr
xüsusilə diqqəti cəlb etmişdi. Xarici ekspertlərin iştirakı ilə keçirilən paneldə postmünaqişə dövründə
Cənubi Qafqaz ölkələri arasında əlaqələrin formalaşması, kommunikasiyaların açılması imkanlarının
nəzərdən keçirilməsi, bölgənin tərəqqisi, təhlükəsizliyi və rifahının təməli kimi Azərbaycanın
Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Ekosistemin qorunmasına xidmət edən
"Ağıllı şəhər", "ağıllı kənd" layihələrinin həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malik
Azərbaycanın iqtisadi və eyni zamanda, "yaşıl inkişafa" yönəlmiş siyasətinin beyin mərkəzləri
tərəfindən öyrənilməsi və dəstəklənməsi "qlobal ictimai" əhəmiyyət daşıyır.
Aprelin 23-də ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "COP29 və Azərbaycan
üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq Forumun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yenidən
dialoq məkanı olan Azərbaycana yönəldib.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi


19:08 25.04.2024
Xəbər lenti
Bütün xəbərlər