KANAL24.AZ
Az Iw En Ru

Məhkəmə AMİP-in "Azİmport"a qarşı iddiasını təmin etmədi

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) “Azİmport” MMC-ni məhkəməyə verməsi barədə yayılan məlumatlar doğrudur. Amma 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi partiyanın şirkətə qarşı qaldırdığı iddianı rədd edib. Mayın 12-də isə Bakı Apellyasiya Məhkəməsi partiyanın apellyasiya şikayətini araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Koordinat.az xəbər verir ki, “Azİmport” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda belə deyilir. Məhkəmə baxışı zamanı müəyyən edilib ki, AMİP-in “ofis” adlandırdığı, “Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 8” ünvanında yerləşən bina onun həqiqi mülkiyyətçisi ilə müvafiq qanunvericilik çərçivəsində razılaşdırılaraq, paytaxtda aparılan təmir-abadlıq işləri ilə əlaqədar 2013-cü ildə sökülüb. Səbail Rayon Mənzil-Təsərrüfat İdarəsinin təqdim etdiyi sənədə əsasən, partiyanın həmin binanın sahibi ilə bağladığı icarə müqaviləsinin müddəti isə 2012-ci ilin sonunda bitib. Beləliklə, AMİP bu obyektə münasibətdə qanuni tərəf olmadığından şirkətin bina ilə əlaqədar partiyaya hər hansı xəbərdarlıq etməməsi barədə iddia da əssasızdır.

"AMİP-in funksionerlərinin qanunvericiliyin tələblərindən xəbərsiz olduqlarını deyə bilmərik. Lakin görünür, onlar son dövrdə “Az İmport” MMC-nin ətrafında süni şəkildə yaradılan ajiotajdan yararlanaraq, öz “maliyyə problemlərini” şirkətin hesabına həll etmək fikrinə düşübmüşlər. Yoxsa belə qeyri-ciddi iddia ilə məhkəmələrin  və iş adamlarının vaxtını almağa cəhd göstərməzdilər" - deyə, “Azİmport” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsi bəyan edir.


22:32 13.05.2016
Xəbər lenti
Bütün xəbərlər