KANAL24.AZ
Az Iw En Ru

Səyyar “ASAN xidmət” şimal bölgəsində

Yeni ilin ilk günlərindən başlayaraq Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinləri üçün səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı yaradılıb.

 

Kanal24 xəbər verir ki, şimal bölgəsində yaşayan sakinlər fevralın 3-dək Quba şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlana biləcəklər.

Quba səyyar “ASAN xidmət”in qrup rəhbəri Araz Hüseynov bildirib ki, artıq sığorta xidmətlərinin də vətəndaşlara səyyar şəkildə göstərilməsinə başlanılıb. Ümumilikdə isə səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi aiddir. Bundan əlavə, “ASAN xidmət”dən yararlanaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsini, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini də tez bir zamanda həyata keçirmək mümkündür.

Şimal bölgəsinin sakinləri Quba şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən səyyar “ASAN xidmət”ə bazar və bayram günləri istisna olmaqla, saat 10-dan 18-dək müraciət edə bilərlər.


23:04 11.01.2016
Xəbər lenti
Bütün xəbərlər