KANAL24.AZ
Az Iw En Ru

Las-Veqasda "CES 2016" istehlak elektronikası sərgisi keçirilir

ABŞ-ın Las-Veqas şəhərində yanvarın 6-da dünyanın ən iri istehlak elektronikası sərgisi - "Consumer Electronics Show 2016" (CES) öz işinə başlayıb. Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası çıxış edir.

 

Kanal24 “qazeta.ru” resursuna istinadən xəbər verir ki, sərgidə dünyanın 150 ölkəsini təmsil edən aparıcı yüksək texnologiyalar şirkətləri tərəfindən 20 minədək yeni məhsullar nümayiş etdirilir. Beynəlxalq sərgiyə 150 minə yaxın iştirakçı qatılıb.

Tədbir çərçivəsində dünyanın aparıcı şirkətləri - “Samsung”, LG, “Lenovo”, “Intel”, “Sony”, “Huawei”, “Qualcomm”, NVIDIA, “Toyota”, BMW, “Volkswagen” tərəfindən mətbuat konfransları keçirilib.

Sərgidə ənənəvi olaraq kompyuter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yenilikləri nümayiş etdirilir. "CES 2016"da ekspozisiyalar üç əsas zalda və açıq meydançada yerləşdirilib. İştirakçılar avtomobil elektronikası, ev texnikası, sağlamlıq vəziyyətinə və idmana dair nəzarət sistemləri və aksessuarlarla tanış olurlar. Eyni zamanda, sərgi zamanı rəqəmli təsvirin emalı, internet-texnologiyalar bazasında multimedialar, telekommunikasiya qurğuları, ev, oyunlar və simsiz həllərin vahid şəkildə idarə olunması sistemləri üçün geniş seçimli müxtəlif avadanlıq, eləcə də biometriya, robotların yaradılması və nanoişləmələr sahəsində nailiyyətlər təklif edilir. Eyni zamanda, burada qurğuların ehtiyat hissələrinə və digər innovasiyalara həsr olunan stendlər görmək mümkündür. Mərkəzi zalda kontentin ötürülməsi və yaradılması vasitələri, əyləncə, audio və videotəchizat elektronikası, o cümlədən portativ qurğular yer alıb. Sərginin bir seqmenti də mobil əlavələrə həsr olunub. Belə ki, daha perspektivli əlavələr müsabiqənin finalına çıxaraq xüsusi mükafatlara layiq görüləcək.

Sərgi çərçivəsində tanınmış ekspertlərin və dünya brendlərinin nümayəndələrinin iştirakı ilə rəngarəng konfrans proqramları planlaşdırılıb.


01:37 07.01.2016
Xəbər lenti
Bütün xəbərlər