KANAL24.AZ
Az Iw En Ru

Bolqarıstan - Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan ilə ikitərəfli və çoxtərəfli
əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada
Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət
dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik
münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Bu il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 32-ci
ildönümü qeyd olunacaq. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan
əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf
edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi
səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni
səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm
ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və
genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə
əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji
Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. İndiyədək iki ölkə arasında
imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. İki
ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu
mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri
ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Dünən Bolqarıstan Respublikasının Prezidenti Rumen
Radevin Azərbaycana rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində Cənab İlham Əliyev Bolqarıstan
Prezidenti ilə təkbətək, həmçinin geniş tərkibdə görüşlər keçirdi. Prezidentlər əməkdaşlığın müxtəlif
aspektlərinə dair məsələləri ətraflı müzakirə etdilər. Sənədlərin imzalanması mərasimindən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti
Rumen Radev mətbuata bəyanatlarla çıxış etdilər.
Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji
təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda
Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana
qaz təchizatımız artır. “Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik
üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu
noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx
şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.
Bütövlükdə Azərbaycanın Bolqarıstan ilə münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında
uğurla inkişaf edir. Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri vardır, bu əlaqələr
genişlənir və güclənir. Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Bolqarıstan
Prezidenti Rumen Radev mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal
siyasi dialoq qurulmasından məmnunluqlarını bildirdilər. Azərbaycanın dövlət başçısı Öz bəyanatında
ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkərək bildirib ki, Bolqarıstan və
Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət
başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır. Qeyd olunmalıdır
ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı
tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin
gücləndirilməsində maraqlıdır. Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o
cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Dövlət başçısı İlham
Əliyev Bolqarıstan Prezidenti ilə birgə mətbuata bəyanatında onu da bildirdi ki, Azərbaycan tərəfdaş
ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan
sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq:
“Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl
enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni
zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq”. Bütün bunlar onu deməyə əsas verir ki,
dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və
dərinləşəcəkdir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin aparıcı məsləhətçisi


10:05 10.05.2024
Xəbər lenti
Bütün xəbərlər