KANAL24.AZ
Az Iw En Ru

Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir

Mayın 7-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bir daha bu kimi
məqamlara işıq salır. Cənab İlham Əliyevin Bolqarıstan Prezidenti ilə keçirdiyi təkbətək, həmçinin
geniş tərkibdə görüşdə bir daha iki ölkənin münasibətlərinin dünəninə, bu gününə işıq salındı və
qarşıdakı dövrün hədəfləri açıqlandı. Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman
yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var.
Prezidentlərin görüşündə, həmçinin mətbuata bəyanatlarında Azərbaycanın dünyanın enerji
təhlükəsizliyinin təminatına verdiyi töhfələr təqdir edildi. Cənab İlham Əliyev qeyd etdi ki, hazırda
Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bolqarıstana
qaz təchizatımız artır: «Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik
üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu
noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx
şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək.»
Son iki ildə dördüncü görüşün olduğunu xatırladan Bolqarıstan Prezidenti vurğuladı ki, yüksək
səviyyəli siyasi təmaslar qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin
yaradır. Enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq: «Son iki il ərzində biz çoxlu işlər
görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak
etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm.
Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya,
Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma
Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının
Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata
keçirilir.»
Azərbaycan tarixən neft ölkəsi kimi tanınsa da bu gün həm də qaz ixracatçısına çevrilib. 2022-
ci ilin oktyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz
İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev çıxışında bu
layihənin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının
şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edərək bildirmişdir ki, enerji
təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət
bunu bir daha sübuta yetirir.
Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur
layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur.
Ölkəmizin hər bir layihənin uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya
təqdimatıdır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində dövlət başçısı İlham Əliyev
bu mühüm hadisəni bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Layihənin icrasının nəzərdə
tutulan vaxtda başa çatacağına əminliyini ifadə etdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi
açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi.
Layihənin digər tərkib hissəsi olan TAP isə 2020-ci ilin dekabr ayının 31-də istifadəyə verildi.
Göründüyü kimi, Azərbaycan vəziyyətdən asılı olmayaraq gündəmə gətirdiyi hər bir layihəni
zamanında başa çatdırmağa səy göstərir.
Cənab İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatında
Azərbaycan qazının Bolqarıstana ixracının ildən-ilə artdığını bildirdi. Vurğulandı ki, keçən il 1 milyard
250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün o da
bildirildi ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi.
Mətbuata bəyanatında dövlət başçısı İlham Əliyev bu məqama da diqqəti yönlətdi ki, son
vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Bunun əsas səbəbi
təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də
çox müsbətdir.
Məxbilə Əzizova,
Sabirabad rayonu Axısxa bələdiyyəsinin sədri


22:03 09.05.2024
Xəbər lenti
Bütün xəbərlər