KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI VIII BÖLÜM: "ALTINCI DÖVLƏTİM - İŞQUZ"

Yetişib cahanda, kök saldı dərin,
İrsiyyət ağacı AZƏRİLƏRİN.
Bol meyvə yetişdi hər budağında,
Bəşər tarixinin qədim çağında.

Tumundan törədi skiflər, saklar,
Nəsil ağacımda əlvan oldu bar.
AZƏRİ kişilər seçildilər ər,
Onlardan törədi həm massagetlər.

Səhər Günəş doğub, söküləndə dan,
Yurda nur çiləndi Araz çayından.
Gur şəfəq saçıldı ondan şimala,
Ucaldı bir nəhəng istehkam - qala.

Geniş ərazini əhatə etdi,
Daha bir dövlətim uğura yetdi.
İŞQUZ söylənildi onun adına,
Çatdı ODLAR YURDUM öz muradına.

Yeni tac qoyuldu AZƏRİANA,
Surəti həkk oldu qara kətana.
ALOVLU CANAVAR baxdı oradan,
Düşməni yandırıb, yaxdı oradan!

Asıldı zirvəyə, bayrağa döndü,
Daha da möhtəşəm, uca göründü!
Coşdu, dalğalandı əsdikcə külək,
Onun qüdrətinə mat qaldı fələk.

Bəzən badi - tufan salsa da dara,
O, təslim olmadı qasırğalara!
ALOVLU CANAVAR cürəti oldu,
İşığın tezliyi sürəti oldu.

Bax belə, enmədi BAYRAĞIM mənim,
Ondan qürur duydu qədim VƏTƏNİM!
İz saldı tarixə Miladdan əvvəl,
İŞQUZ dövlətimə qoydu bir təməl.

Bugündən dünənə yollanıb hərdən,
Neçə soraq aldıq salnamələrdən...
İŞQUZ çəkdi bizi kökə, dərinə,
Endik tarixlərin lap məhvərinə.

Hər kiçik ünsürü aradıqca biz,
Tapdıq AZƏRİDƏN neçə ləpir, iz...
Onu möhürlədi əcdadlarımız,
Tarixdə yüzlərlə dövlət varımız!

İndisə başqadır mənzərə tamam,
Neçə torpağımız qalıb natamam.
ARAZ vətənimi ikiyə bölür,
Soydaşım cəlladlar əlində ölür!

Cəbrayıl, Zəngilan qan ağlayır, qan!
Tarixə kədərlə yazılır hər an.
Hər gün at oynadır Laçında haylar,
Yurdumda yağılar tikir saraylar!

Yaş tutub, keçirir gələn hər ili,
Düşmən tapdağında qalan Füzuli!
Soyulub, talanıb, olub dərbədər,
Yurdumun cənnəti gözəl Kəlbəcər!

Sınıb vüqarı da Cıdır Düzünün,
Libası zülmətdir hər gündüzünün!
İndi qan fışqırır İsa Bulağı,
Ağdamı qaraya boyayıb yağı!

Uçrumu dərindir zamanın belə,
Təzadlı don biçib böyük bir elə.
Fəqət müqəddəssən ey əziz VƏTƏN,
Müsəlləh əsgərəm keşiyində mən!
30.07.2013.
SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)


19:46 02.07.2020
Xəbər lenti
Bütün xəbərlər