KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI VII BÖLÜM: "BEŞİNCİ DÖVLƏTİM - MANNA"

Urmiya gölünün cənubi - şərqi,
Eradan minillik bir zaman fərqi...
Tarixə həkk olmuş bu böyük müddət,
Verir keçmişimə əzəmət, şiddət!

Dərində gizlənən həmin zamanda,
MANNA mövcud olub AZƏRİANDA.
Vətənin vüqarı olan bu dövlət,
Neçə cahangiri eyləmişdir pərt!

Düşmən libas geyib kizbü - riyadan,
Göz dikdi MANNAya Assuriyadan.
Eradan səkkiz yüz qırx üç il əvvəl,
Bəli, müqəddərat olunurdu həll!

Yıxıb dövlətləri, eyləyirdi xar,
O sərt, qəddar Üçüncü Salamansar.
Təxti bərq vururdu Assuriyada,
Tale bacarmışdı bəxtin oyada.

Ulduztək bol idi qulu, kənizi,
Ölüm qoxuyurdu qanlı bənizi.
Alıb ölkələri, vassal edirdi,
Qəlbini zülm ilə xoşhal edirdi.

Bir gün təklif etdi vəziri ona:
"Gərək soxulasan AZƏRİANA!
Oranın sərvəti, neməti boldur,
Zəbt elə, kisəni qızılla doldur!"

Əmr etdi hökmdar: "Yığılsın ordu!
Mütləq tutmalıyıq o cənnət yurdu!"
Silah tədarükü gördü misgərlər,
Atlar yəhərləndi, mindi əsgərlər.

Dərhal hazır oldu neçə min nəfər,
Urmiyaya doğru başladı səfər.
Elə ki işğalçı ünvana çatdı,
Yatmış bir pələngi sanki oyatdı.

MANNA hökmdarı çıxdı irəli,
Aslan pəncəsiydi onun sərt əli...
Tutdu boğazından Salamansarın,
Sökdü can evinin bədən "hasarın".

AZƏRİ igidlər ardınca gəldi,
Qılıncla düşmənin bağrını dəldi!
Silahı, sursatı alıb qənimət,
O lovğa düşməni eylədilər pərt.

Paytaxt Zirtadasa büsat quruldu,
On üç dilli ALOV yandı, buruldu...
Alqışlar, dualar ərşə ucaldı,
Vətənim gəncləşdi, tarix qocaldı!

Çoxaldı MANNANIN gücü, qüdrəti,
Artdı düşmənlərin kin - küdurəti.
Səkkiz yüz iyirmi doqquzuncu il...
Yenə eradan əvvəl tutdu mənzil...

Hökmdarı UDAKİYDİ MANNANIN,
ALOV qızdırırdı AZƏRİ qanın!
Vətən məhəbbəti aşıb - daşırdı,
Yağı düşmənlərlə o, savaşırdı.

Müqəddəs ALOVa and içib hər gün,
Xaini, satqını edirdi sürgün.
Hamısını "o dünyaya" qovurdu,
Əclafların gözlərini ovurdu!

Assuriyalılar eşidib bunu,
Dərk etdi qalibin doğulduğunu.
Fəqət UDAKİylə barışmadılar,
Dincliyə yenə də alışmadılar.

Bir daha MANNAYA qoşun çəkdilər,
Guya, onu əldə edəcəkdilər...
O igid, cəngavər UDAKİ amma,
Düşmən qarşısında qoydu dilemma:

"Ya rədd ol, ya da ki burda öl!" - dedi,
Sözünü qılıncla, oxla söylədi.
Məhv etdi, qaladı başı - baş üstə,
Savaşdı, vuruşdu vətəndaş üstə!

Yağılar, düşmənlər qovuldu yenə,
Bitdi müharibə xalqın xeyrinə.
ALOVLU CANAVAR həkk olan bayraq,
Milli bir zəfərdən söylədi soraq!

MANNA yüksələrək, qalxdı hədlərə,
Məkan oldu sahib bu sərhədlərə:
Cənubda Diyala, Kiçik Zab çayı,
Yuxarı axardan götürdü payı.

Şərqdə Günəş Gölü, şimalda Araz,
Vətən sərhədini eylədi taraz.
Paytaxt isə oldu Zirta şəhəri,
Açıldı yurdumun nurlu səhəri!

SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)
14.07.2013.


20:51 25.06.2020
Xəbər lenti
Bütün xəbərlər