KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadası ilə bağlı qərarını açıqladı

Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq.

Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda baş tutacaq.

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa milli olimpiya komitələrinin rəhbər şəxsləri ilə video-konfrans təşkil edib. Konfransda Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunlarının COVID-19-a görə görüləcək tədbirlər müzakirə olunub. 

Müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı gedən spekulyasiyalara inanmaq lazım deyil. Həmin spekulyasiya üzündən, beynəlxalq birjalarda Yaponiya səhmlərinin qiyməti 16 faiz aşağı düşüb.

Baxın sözlərinə görə, milli olimpiya komitələri və beynəlxalq idman federasiyaları Olimpiadanın keçirilməsində həmrəydirlər. Olimpiadaya lisenziyaların yarıdan çoxunun (57 faiz) artıq təmin olunması da bu yarışın keçirilməsini labüd edir. Lisenziya almayan idmançılar üçün isə yarışlar keçiriləcək və ya əlavə kvota yerlər ayrılacaq.

Bu üzdən də BOK Yay Olimpiya Oyunlarının nəzərdə tutulduğu bu ilin 24 iyul – 9 avqust tarixlərində saxlanılmasının tərəfdarıdır.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu gün Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları barədə qərarını açıqlayacaq.

BOK-un almaniyalı prezidenti Tomas Bax bu gün Milli Olimpiya Komitələrinin nümayəndələri, eləcə də, Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərliyi ilə videokonfrans keçirəcək.

Orada Olimpiada (24 iyul – 9 avqust) və Paralimpiya Oyunlarının (25 avqust – 6 sentyabr) təxirə salınıb-salınmaması ilə bağlı qərar veriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Günay Malikqızının saytımıza verdiyi açıqlamaya görə, videokonfrans Bakı vaxtı ilə saat 14:30-da start götürəcək. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məhz Azərbaycan adından bu konfransda iştirak edəcək.

Qeyd edək ki, dünən BOK beynəlxalq federasiyalarla müzakirələr aparıb və onların fikirlərini öyrənib.

Xatırladaq ki, dünən UEFA videokonfrans keçirərək, AVRO-2020-nin bir il sonra keçirilməsi barədə qərar qəbul edib. 


22:33 18.03.2020
Xəbər lenti
Bütün xəbərlər