KANAL24.AZ
Az Iw En Ru

Elman Nəsirov: Əhalinin sülhə hazırlanması əsas hədəflər sırasındadır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yaxın zamanda görüş keçirilməsi ilə bağlı razılaşma var. Burada heç bir halda qondarma rejimin, qondarma xarici işlər nazirinin iştirakından söhbət getmir. Bunlar çox vacib məsələlərdir.

Bu danışıqların gedişində əldə edilmiş razılaşmalar sırasında münaqişənin həlli ilə bağlı etimad mühitinin yaradılması, danışıqların davam etdirilməsi üçün əlavə tədbirlərin görülməsi ilə əlaqədar əsas razılaşmalar da var.

Bunu politoloq, millət vəkili Elman Nəsirov deyib. 

“Xüsusi münbit mühitin formalaşması deyəndə nə nəzərdə tutulur? İlk növbədə, humanitar sahədə əlaqələrin yaradılması, xüsusilə ictimaiyyət nümayəndələri, insanlar arasında təmasların qurulması və xalq diplomatiyasının işə salınması əsas hədəflər sırasındadır”, - deyən millət vəkilinin sözlərinə görə, elə bir mühit formalaşmalıdır ki, dövlət başçıları səviyyəsində aparılan danışıqların uğurlu olmasına xidmət göstərsin, artıq xalqlar, ziyalılar bir-biri ilə təmasda olsun. 

“Təmasda olsunlar və görsünlər ki, qonşu olaraq yanaşı yaşaya bilərik.

Bu etimad mühitini formalaşdırmaq lazımdır ki, bununla da bağlı razılaşma əldə olunub”.

Politoloq onu da deyib ki,  Ermənistanın yeni hakimiyyət ilə Azərbaycan hakimiyyəti arasında artıq doqquz görüş olub. 

“Bunun beşi xarici işlər nazirləri, dördü isə dövlət başçıları səviyyəsində görüşdür.

Artıq kəmiyyət baxımından intensivlik var, indi əsas bunun keyfiyyət halına keçməsi məsələsidir.

Güman olunur ki, bundan sonra xarici işlər nazirlərinin danışıqlarında artıq konkret məsələlər üzrə məzmunu, mahiyyəti üzrə danışıqlar prosesi davam etdiriləcək.

Paralel şəkildə də əhalinin sülhə hazırlanması, bunun üçün münbit etimad mühitinin formalaşması əsas hədəflər sırasındadır”, -deyə E. Nəsirov sözlərinə əlavə edib.


22:26 02.04.2019
Xəbər lenti
Bütün xəbərlər