KANAL24.AZ
Az Iw En Ru

"Günəşli"də baş verən qəza ölkəyə baha başa gələcək

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri, ekoloq Telman Zeynalov "Sputnik"ə müsahibəsində Xəzər dənizində ciddi fəlakətin baş verdiyini söyləyib. T.Zeynalov Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin "Günəşli" neft yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzanın ekoloji problemlər yaratmadığı barədə açıqlamalarına etirazını bildirib: "SOCAR açıqlama verir ki, ətrafa sızma yoxdur. Əgər indiyə qədər platformada yanğın söndürülə bilməyibsə, necə yəni sızma yoxdur?! Necə demək olar ki, burada ekoloji fəlakət baş vermir?!". 
 
Günəşli yatağındakı fəlakətin səhlənkarlıq və nəzarətsizlikdən baş verdiyini qeyd edən ekoloq, xilasedici qayıqların keyfiyyətsiz olduğunu da bildirib:
 
"Tapılan meyidlərin üzərində xilasedici kəmərlərin olmadığı görünür. Bu platformadakı mühəndislərin işçilərə nəzarət etmədiyini göstərir. Neft yatağındakı hər bir platformada fövqəladə hallar, təhlükəsizlik məsələləri üzrə nümayəndələr olmalıdır və onlar həm platformanın tabe olduğu qurumun, həm də işçilərin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etməlidir. Platformanın özülləri qurularkən 12 ballıq zəlzələyə dayanıqlılığı nəzərə alınır. Amma orada fırtınanın dərəcəsi, dalğaların hündürlüyü də nəzərə alınmalı idi. Yəni elə keyfiyyətli qayıqlar seçilməliydi ki, o dalğalara, fırtınaya davam gətirsin. Normalda hermetik örtüklü qayıqlar möhkəm olur, fırtınanın necəliyindən asılı olmayaraq, dalğaların üstündə o tərəf, bu tərəfə üzür, harasa çırpılır, amma içəridəki adamlara heç nə olmur, onlar dalğa sakitləşəndən sonra xilas ola bilirlər. "Günəşli" platformasındakı qayıqların keyfiyyətsiz olması da, bu qədər ölümlərlə nəticələnib".
 
 
Telman Zeynalov onu da qeyd edib ki, qəza nəticəsində əmələ gəlmiş neft çirkləri digər Xəzəryanı ölkələrin dəniz sərhədlərinə yayılsa, Azərbaycan ciddi problemlə üzləşə bilər. Yəni onlar ekoloji fəlakətə görə, Azərbaycandan iri məbləğdəcərimələr istəyə bilərlər: "Ona görə də, bu fəlakəti gizlətmək lazım deyil, təcili surətdə onun qarşısını almaq lazımdır". 
 
Telman Zeynalov sözügedən məqamlarla bağlı fikirlərini "Azadlıq"la da bölüşüb. Ekoloq qəzanın ekoloji cəhətdən nəticəsinin böyük olduğu düşüncəsindədir: 
 
"Neft dağılaraq Rusiya, Iran, Türkmənistan və yaxud, Qazaxıstan sərhədini keçibsə, Azərbaycanı böyük cərimə gözləyir. Mənə elə gəlir ki, bu axının qarşısını kəsmək istəyir, ərazini təmizləyirlər".
 
 
Telman Zeynalov hazırda Xəzərdə bir metrdən 6 metrə qədər ləpələrin olduğunu, buna görə də həmin vəziyyətdə işləməyin mümkün olmadığını söyləyir. Bu halda, itkin düşənlərin cəsədlərinin tapılması istiqamətində bütün axtarışlar hələlik yekunlaşmayıb: 
 
"Xilasedicilər həmin ləpələrdə həlak olanların meyitlərini çıxarmağa çalışsalar, özləri də məhv olar. Gəmilər belə havalarda hərəkət etməyi hələ öyrənməyib. Buna yalnız hərbçilər adət ediblər. Hava sakitləşəndən sonra cəsədlərin çıxarlıması mümkün ola bilər". (azadliq.info)

21:06 15.12.2015
Xəbər lenti
Bütün xəbərlər