KANAL24.AZ
Az Iw En Ru

Amerikalılar Şükranlıq Gününü bayram edirlər

Hər il noyabr ayının sonuncu cümə axşamı günü Birləşmiş Ştatlarda Şükranlıq Gününü bayram edirlər. Bu bayramın kökləri uzaq 1621-ci ilin payızına gedib çıxır. O vaxt Plimut koloniyasının sakinləri məhsul bolluğunu üç gün davam edən bayramla qeyd edərək Şükranlıq Gününün əsasını qoyublar. O vaxtdan bu bayram hər il qeyd edilir.

Amerika qitəsinə 1619-1620-ci illərdə gəlmiş ilk sakinlərin təxminən yarısı buranın sərt qışına davam gətirməyib soyuqdan və xəstəliklərdən tələf olmuş, o biri yarısı isə yerli hindi qəbilələrinin köməyi ilə salamat qalmışdı. Yerli sakinlər bu insanlara daşlı torpağı becərmək və yerli bitkiləri yetişdirmək sirlərini öyrətdilər. İlk dəfə bol məhsul alandan sonra Amerikanın ilk gəlmə sakinləri salamat qalmalarına görə Allaha şükür etməyi və bu bayramı yerli hindilərlə birgə bayram etməyi qərara aldılar. Gəlmələrə salamat qalmağın sirlərini öyrətmiş Vampanoaqa xalqının nümayəndələri (yerli hindilər) də birinci Şükranlıq bayramında iştirak ediblər. 1863-cü il oktyabrın 3-də Prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan edib.

Bu bayram günündə Amerika ailələri bir süfrə arxasında toplanır. Şirin kartofla hinduşka həmin süfrənin zəruri elementi sayılır. Lakin Amerika dövlətinin formalaşmasının sonrakı illərində müxtəlif ölkələrdən buraya immiqrantlar axını başlananda süfrəyə müxtəlif bitkilərdən hazırlanmış başqa milli xörəklər də əlavə edildi.

Hər il Şükranlıq Günü bayramından əvvəl Ağ evdə Milli Hinduşka Federasiyası adından hinduşkaların ABŞ Prezidentinə təqdim edilməsi milli mərasimə çevrilib. Bu mərasim zamanı Prezident Amerika xalqını ənənəvi Şükranlıq bayramı münasibətilə təbrik edir və hinduşkanın rəmzi olaraq əfv edilməsi barədə qərar imzalayır. Bu il noyabrın 25-də hinduşkanın Prezidentə təqdim edilməsinə həsr edilmiş milli mərasimin 68-ci ildönümü günündə Prezident Obama ABŞ-ın birinci ailəsi adından Amerika xalqını təbrik edərək, xoş arzularını bildirib. Sonra o, “Onest” və “Abe” ləqəbli iki “ahıl” hinduşkanı əfv edib. Əfv mərasimindən sonra bu hinduşkaları daimi yaşayış yerinə - Virciniya ştatının Lizburq şəhərindəki Moven parkının muzeyində yerləşən “Hinduşka təpəsi”nə aparıblar, onlar burada turistlərin müşahidə obyektlərindən biri olacaq.

Hinduşkanın ABŞ Prezidentinə təqdim edilməsi ənənəsi 1947-ci ildə, Prezident Trumenin dövründə başlanıb. Hinduşkanın əfv edilməsi mərasiminə isə yalnız 1987-ci ildə, Prezident Ronald Reyqanın dövründə start verilib.


19:21 26.11.2015
Xəbər lenti
Bütün xəbərlər