Martın 2-də Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı başladılan cinayət işinin istintaqı yekunlaşıb.Kanal24-ün verdiyi xəbərə görə, hadisə nəticəsində orada müalicə olunan 25 nəfər pasiyent yanaraq ölüb, 29 nəfər yanıq xəsarəti alıb.
Eyni zamanda, yanğın nəticəsində dövlətə məxsus olan mərkəzə maddi ziyan da dəyib. İstintaqın ilkin mərhələsində aparılan araşdırma nəticəsində məlum olub ki, yanğından sonra xəstəxanaya dəyən ziyanın məbləği 37 min manatdan çoxdur.
Hadisə ilə bağlı Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.
Şöbə müdiri Azad Ələkbərov həbsdə olarkən ürəyindən əməliyyat olunub stend qoyulduğu üçün səhhəti ilə bağlı onun cinayət işi ayrıca icraata götürülüb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə prosesin ilk iclası təyin ediləcək.