KANAL24.AZ
Az Iw En Ru

Aida Mahmudovanın fərdi sərgisinin açılış mərasimi keçirildi

Noyabrın 14-də Müasir İncəsənət muzeyində rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Kanal24 buro247.az-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Akademik, Azərbaycan Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Arzu Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, xalq yazıçısı Anar, rəssam Altay Sadıqzadə, ölkənin görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin açılışında çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova tədbirə gələn qonaqları salamlayıb:

“Sizi burada görməyə çox şadam. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır.

Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir.

Hamınıza gözəl axşam arzu edirəm. Sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürümü bildirirəm”.

Qeyd olunub ki, sərgilənəcək əsərlərdə xəyali nəbatat bağı mövzusunu tətbiq edib. Aida Mahmudovanın fırçasından ərsəyə gələn rənglər hissiyyatları və emosiyaları əsrarəngiz, ekzotik bitkilər aləminə aparır.

Daha sonra sərgiyə baxış olub.

Azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub.

Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır.

Aida Mahmudovanın “Recycled” kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri “Here Today” (Old Sorting Office, London), “Sevir-sevmir” (“Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi), “Bakıya uçuş” (“Fly To Baku”, London, Paris, Berlin, Moskva, Roma), “Birləşən körpülər” (“Merging Bridges”, Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.

Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib. Bu il mayın 28-də rəssamın Nyu-Yorkda “Ötüb keçərkən...” adlı sərgisi açılıb.

“Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.

 


22:57 16.11.2015
Xəbər lenti
Bütün xəbərlər