KANAL24.AZ
Az Iw En Ru

“Aşıq Şəmşir” Mədəniyyət Ocağının nümayəndəsi Qarsda Sarıqamış şəhidlərini anma mərasimində iştirak edib

Qarsda keçirilən Sarıqamış şəhidlərini anma mərasimində iştirak edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov Qars meri Rahmi Doğanla görüşüb.

 görüşdə Qars meri anma mərasimində iştirakına görə azərbaycanlılara təşəkkürünü bildirərək Azərbaycan və Türkiyə arasında tarixi dostluq əlaqələrinin güclənməsində dövlət başçıları səviyyəsində atılan addımlarla birlikdə qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətini qeyd edib.

Fazil Qasımov Qars merinə İctimai Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Tarixi İpək yolunun yenidən canlandırılmasının Türkiyənin şərq əyalətləri, o cümlədən Qars ilə Azərbaycan şəhər və rayonları arasında mədəni, iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyini vurğulayıb. Mədəniyyət ocağının aşıqlar, ozanlar yurdu Qarsda mədəni tədbirlər keçirmək planları barədə danışan birliyin nümayəndəsi Qars Qafqaz Universiteti və Qarsın Azərbaycan icmasını təmsil edən QHT-lərlə əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüşdə, İctimai Birliyin dəstəyi ilə Qars Qafqaz Universitetində UNESCO kürsüsünün qurulması təklif olunub.

Sonra Rahmi Doğana Aşıq Şəmşirin Türkiyədə nəşr olunan şeirlər məcmuəsi və portreti hədiyyə edilib.

Xatırladaq ki, 103 il əvvəl Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsində gedən döyüşlərdə Osmanlı ordusunun 90 minə yaxın əsgəri faciəli şəkildə donaraq can verib. Hər il Sarıqamış şəhidlərinin xatirəsinə Türkiyədə dövlət səviyyəsində silsilə tədbirlər keçirilir.


00:35 11.01.2018
Xəbər lenti
Bütün xəbərlər