KANAL24.AZ
Az Iw En Ru

"Siz utanmırsınız, bu pulu vermirsiniz? " - İdarə rəisindən sərt AÇIQLAMA

Sumqayıtda şəhər 3-cü mikrorayon,17A nömrəli binada qəribə hadisə baş verib. Belə ki, binada yerləşən mənzil sahiblərindən 3-ü istiliklə bağlı ödənişi etmədiyi üçün "Sumqayıtistiliktəchizatı" İdarəsinin işçiləri tərəfindən binanın giriş hissəsinə elan yapışdırılıb.

Həmin elanda yazılıb ki, binanın 11, 24, 31 nömrəli mənzilləri noyabr ayının 13-nə qədər ödənişi etmədikləri təqdirdə binanın istilik sistemi, mərkəzi istilik sistemindən ayrılacaq.

Maraqlıdır, borcunu ödəməyən 3 mənzil sahibinə görə ödənişi edən mənzil sahiblərinin yaşadıqları evlərdə niyə istilik sistemi kəsilməlidir? Ümumiyyətlə, bu addım atıla bilərmi?

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizatı" İdarəsinin rəisi Avtandil Nuriyevlə əlaqə saxladıq. O, qeyd etdi ki, vətəndaşlardan kimsə borcu verməsə məcbur olaraq binanın istilik sistemini mərkəzi sistemdən ayıracaqlar.

 

"Bizim başqa təsərrüfat idarələri kimi ayrıca xətlərimiz yoxdur ki, sayğaclarından kəsək. Biz vətəndaşlardan nə istəyirik? Vətəndaşa istilik vermişik, pulumuzu versin. Bu təsərrüfat dövlətin dotasiyasında, borcunda olan təsərrüfatdır. Əgər sən istilik alıb, istiliyin 10-15 manat pulunu vermirsənsə, bu təsərrüfat necə işləsin? Qazın, işığın, suyun pulunu necə versin? Qoy qonşular yığışsın tənbehləsən ki,  istiliyin pulunu ver.

Evlər var ki, kombi qoyub 1 ayda 50-60 manat pul ödəyir. Amma biz isə 2 otaqlı evdən 1 aya istilik üçün 5 manat pul ala bilmirik. Bu nə deməkdir? 5 aya 25 manat pulu vermək istəmirlər, ancaq kombi qoysalar 5 aya 300 manat pul verəcəklər. Dövlət bunu sizə pulsuz verir, siz utanmırsınız bu pulu vermirsiniz? Hələ şikayət də edirsiniz?"

Hüquqşünas Ruslan Mustafayev mövzuyla əlaqəli olaraq qeyd etdi ki, bu cür halın baş verməsi birmənalı şəkildə düzgün deyil:

"Bütün xidmət göstərən təşkilatlar hər abonentlə ayrıca müqavilə bağlamalıdırlar. Və həmin müqavilədə göstərilməlidir şərtlər, yəni xidmətin göstərilməsi, keyfiyyəti və ödəniləcək məbləğ. Orada digər şərtlər olmalıdır ki, istehlakçı xidmətin haqqını ödəməsə nələr olmalıdır. Əgər pul ödənilmirsə, xidmət göstərənin haqqı var ki, məhkəməyə müraciət edib pulu alsın. Hansısa şəxsin borcuna görə digər şəxslərin həmin xidmətlərdən kənar saxlanılması qanunsuzdur".

Ümid edirik ki, borcunu ödəməyən vətəndaşlar borcunu tezliklə ödəyəcək və ödəniş edən mənzil sahiblərinin istilik sistemlərindən istifadəsinə maneə qoyulmayacaqdır.


01:52 12.11.2017
Xəbər lenti
Bütün xəbərlər