KANAL24.AZ
Az Iw En Ru

Lənkəranda ailə 1 ildir çadırda yaşayır: “Yağış suyunun altında qalırıq...”

Lənkəran rayon Osaküçə kəndində ailə bir ilə yaxındır ki, evləri qəzalı vəziyətdə olduğu üçün Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırda yaşayır. 
 
Bu barədə Unikal.org-a ailənin üzvü Osaküçə sakini Quliyeva Gülşən Ağamirzə qızı məlumat verib. 
 
O, vurğulayıb ki, bu ilin əvvəlindən şəkər xəstəsi olan 71 yaşlı həyat yoldaşı və bir övladı ilə yaşadıqları mənzillərinin qəzalı vəziyətdə olması səbəbindən FHN tərəfindən qurulan çadırda yaşayır: 
 
"Hazırda qurulan çadırda yaşamaq mümkün deyil. Çox pis vəziyətdə yaşayırıq. Çadırı külək və yağış bərbad vəziyətə salıb. Gah çadırda, yağış yağan kimi qəzalı vəziyətdə olan evimizdə qalırıq. Yağış suyu üzərimizə tökülür. Həyat yoldaşım da yataq xəstəsidir. Onu tək qoyub, gedib işləyə bilmirəm. Qohum-qonşularının köməkliyi ilə ərzaqla təmin olunuruq. Mənim bir dərdim var. Evimin dövlət hesabına bərpa edilib, bizim ailəyə verilməsidir. Bu ilin may ayında sizin saytınızda bizimlə bağlı yazı dərc edildikdən sonra Lənkəran rayon İcra Hakimiyəti tərəfindən bizə bəzi köməkliklər edildi və qəzalı vəziyətdə olan evimizin təmirinə söz verildi. Həyat yoldaşım şəkər aparatı və dəva-dərmanla təmin olundu”. 
 
Söz verilməsinə baxmayaraq Gülşən Quliyeva əlavə edib ki, Lənkəran rayon İcra Hakimiyəti tərəfindən hələ də evləri təmir edilməyib: 
 
"İcra başçısı və müavini məni və həyat yoldaşımı qəbul etdi. Bildirildi ki, nə vaxtsa evinin təmirinə köməklik ediləcək. Yuxarıdan onlara tapşırılıb. Hazırda isə maliyyə vəsaitinin olmaması səbəbindən buna imkanları çatmır”. 
 
Gülşən Quliyeva Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya evlərinin təmirinə köməklik etmək üçün də müraciət edib: 
 
"Yalvarıram. İmkanım yoxdur. Hazırda yağış suyunun altında yaşayırıq. Ən böyük arzumuz evimizin təmir edilməsidir. Sizdən xahiş edirəm ki, evimizin təmiri üçün müvafiq qurumlara göstəriş verəsiniz.”

 


18:01 10.11.2017
Xəbər lenti
Bütün xəbərlər