KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik etdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə də çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah arzulayıram.

******

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı - Dövlətin Yaranması Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram.


01:03 03.10.2017
Xəbər lenti
Bütün xəbərlər