KANAL24.AZ
Az Iw En Ru

“Əfsanəvi Öndər” mövzusunda tədbir keçirilib

Mayın 7-də “Fairmont” otelində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 92-ci ildönümü və təşkilatın yaranmasının 10 illik yubileyi münasibəti ilə “Əfsanəvi Öndər” mövzusunda ədəbi-bədii gecə keçirilib.

İctimai birliyin sədri Mahirə Əsədova bildirib ki, təşkilat öz fəaliyyətini Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ulu öndər Heydər Əliyevin ideyalarının təbliği və davamlı inkişaf etdirilməsi istiqamətində qurub.

Bildirilib ki, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi 10 illik fəaliyyəti müddətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən nümunə götürərək, genişmiqyaslı layihələr həyata keçirib, ölkədə aparılan gənclər siyasətinə, ziyalı nəslin yetişməsinə xidmət edib. Qurum həmişə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyata keçirdiyi humanist siyasətə dəstək üçün müxtəlif tədbirlərə ev sahibliyi edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin şərəfli həyatı və nümunəvi fəaliyyəti barədə ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycanın dinamik inkişafını təmin edən uğurlu islahatların həyata keçirilməsi Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyası Azərbaycanın həm iqtisadiyyatına, həm də ölkənin geosiyasi mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verib və verir.

Ulu öndər Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən akademik söyləyib ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, həm də sabitliyi ilə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən biridir.

Tədbirdə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, ”Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin bu təhlükədən xilas olduğunu, böyük inkişaf yoluna çıxdığını bildiriblər.

Yubiley tədbirində elm, mədəniyyət, ədəbiyyat xadimlərinə “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təsis etdiyi “Böyük yurdsevər” mükafatları təqdim edilib. Mükafat alanlar sırasında akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Elmira Axundova, xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, xalq artisti Alim Qasımov da var idi.

Tədbirdə həmçinin Türkiyədən gəlmiş qonaq, şairə Nesrin Erdoğmuşa ictimai birliyin “Xurşidbanu Natəvan” mükafatı təqdim olunub.

Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.


10:19 08.05.2015
Xəbər lenti
Bütün xəbərlər