KANAL24.AZ
Az Iw En Ru

“XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər”- TAM TƏDBİR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu elm müəssisəsinin elmi katibi, ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədovun “XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyasının təqdimat mərasimi keçirilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli nəşrin əhəmiyyətindən danışıb.

"Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif məsələləri ilə bağlı fundamental elmi araşdırmaların müəllifi kimi Bədirxan Əhmədov bu monoqrafiyasında XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizmi, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, poeziya, dramaturgiyanın inkişaf yolları, eləcə də represiyyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. probləmlər çağdaş meyarlarla araşdırma obyekti olur. Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxış ifadə olunur".

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabda XX yüz il Azərbaycan ədəbiyyatının mərhələ və problemləri təhlil edilir.

Tədqiq olunan əsrin ilkin çağlarının - 1900-1920-ci illərin milli hərəkat, azad söz, demokratik ideyalar uğrunda bəzən açıq, bəzən gizli - ezop yolları ilə apardığı mübarizədə ədəbi mühitin fəallığı ayrıca bir mərhələ kimi təhlil edilir. Müəllif Azərbaycan ədəbiyyatının qısa zaman kəsiyində görünməmiş sayda və görünməmiş fəaliyyət zəmini ilə ortaya çıxardığı Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və digər onlarca ədəbiyyat, siyasət, sənət adamının ərsəyə gətirdiyi milli azadlıq hərəkatı və bu hərəkatın doğurduğu Cümhuriyyətin genetik köklərini də unutmayıb.

Monoqrafiyanın redaktoru – millət vəkili, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov və filologiya üzrə elmlər doktoru, professor Tehran Mustafayevdir.

Tədbirdə Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova çıxış etdikdən sonra Bədirxan Əhmədovu "Xurşud Banu Natəvan" mükafatı ilə təltif edib.

Tədbirdə çıxış edən ziyalılar, elm xadimləri “XX yüz il Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyası ilə bağlı fikirlərini səsləndiriblər.

 


04:12 22.04.2015
Xəbər lenti
Bütün xəbərlər