KANAL24.AZ
Az Iw En Ru

"Zərifə xanımın əziz xatirəsi hər zaman qəlbimdə olub"- Mahirə Əsədova

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər salaraq fikirlərini Kanal24.az-ın əməkdaşı ilə bölüşüb.

 

Bu gün əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın ölümündən 30 il keçir. Ötən illər ərzində Zərifə xanımın əziz xatirəsi hər zaman qəlbimdə olub. Ruhuna duallar oxutduraraq onu anmışam.

Zərifə xanım haqqında onun keçdiyi həyat yolundan çox danışmaq olar. Çünki, bu vətənpərvər xanım hər zaman xalqını sevən biri olub.

 

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan
Zərifə xanım böyük tarixi yol keçib. Belə ki, 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

 

 

Xüsusən qeyd etmək istəyirəm ki, Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 

 



Hər zaman yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edən Zərifə xanımın gördüyü işlər heç zaman yaddaşlardan silinməyəcək. Hər zaman xatirələrdə anılacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş akademik Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. Ömrünün sonunacan xalqını sevən Zərifə xanımın qəlbi hər zaman vətən, torpaq eşqi ilə döyünüb.

 

 Elmdə bu qədər yüksək nəticələr əldə etməsinə baxmayaraq, o, sadə insanlara öz qayğısını əsirgəməyib, zəhmətkeş insanları heç bir təmənna güdmədən müalicə etməkdə davam edib.

Onun haqqında yazılan xatirələri oxuduqca görürəm ki, tələbələri, yaxınları Zərifə xanım Əliyevanı rəhmli, xeyirxah və Tanrıya çox bağlı adam kimi xatırlayırlar. Çox yaxşı yadımdadır ki, həmin illərdə sovet rejimi dini inkar etsə də, mərhum prezident ulu öndər Heydər Əliyev də, xanımı Zərifə Əliyevada həmişə öz həyatlarını İslam dəyərlərinə uyğun qurublar. 

Vətənə çox bağlı olan Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub. Allah rəhmət eləsin!

                                                                                             

                                                                                    Mahirə Əsədova

                                                                 Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri

 

 

 


01:25 16.04.2015
Xəbər lenti
Bütün xəbərlər