KANAL24.AZ
Az Iw En Ru

Elçin Əhmədov: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyur

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May - Respublika Günü, eləcə də XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublar hazırda iki dövlət arasında olan münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyinin göstəricisi kimi qəbul edilə bilər.

Bu fikri  açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Azərbaycan Prezidentinə ünvanlanan məktublarda son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirdiyini və bu tərəfdaşlığın davamlı inkişafını arzuladığını vurğulayan ABŞ Prezidenti Donald Tramp Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı hesab etdiyini bildirib. Bununla yanaşı, qeyd edilib ki, rəsmi Vaşinqton Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir və alqışlayır, eləcə də xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayır. Eyni zamanda, Barak Obama administrasiyasından fərqli olaraq Azərbaycanda gedən islahatlara mühüm əhəmiyyət verdiyini bildirən Donald Tramp iqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatların davam etdirildiyi bir zamanda Birləşmiş Ştatların ölkəmizlə birgə işləməyə hazır olduğunu bildirib.

Bundan əlavə, vurğulanıb ki, ABŞ Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləməkdə davam edir, həmçinin Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ, eyni zamanda, Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab etməklə yanaşı, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.

Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı adlandıran ABŞ Prezidenti birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışdığını və Azərbaycan xalqının yanında olduğunu, eləcə də təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqliyini bildirib. Həmçinin Prezident Donald Tramp ABŞ-ın regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.

Bu siyasət ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd etmək lazımdır ki, ABŞ-ın dünyada, o cümlədən Xəzər-Qara dəniz hövzəsində və Cənubi Qafqazda həyata keçirdiyi təhlükəsizlik siyasətindəki 2001-ci ilin 11 sentyabr hadisələrindən başlayan mərhələ 2008-ci ildə Barak Obamanın hakimiyyətə gəlməsinə qədər davam edib. Bu mərhələdə ABŞ Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsində və Mərkəzi Asiyada fəal təhlükəsizlik siyasətinə başlayıb və öz diqqətini bölgənin beynəlxalq və regional təhlükəsizlik məsələlərinə, NATO-nun region dövlətləri hesabına Şərqə doğru genişləndirilməsinə və s. məsələlərə yönəldib. Eyni zamanda, ABŞ Cənubi Qafqaz, Qara dəniz hövzəsi və bəzi Orta Asiya ölkələrinin “Fərdi tərəfdaşlıq proqramı” çərçivəsində NATO üzvü olan əsas müttəfiq dövlətlərlə hərbi-geostrateji əlaqələrini yaradıb, blokun bölgədə hərbi-geostrateji cəhətdən möhkəmlənməsinə əhəmiyyət verib. Həmin tədbirlər sırasında ABŞ və NATO qoşunlarının bölgənin strateji, hərbi-geosiyasi hədəflərinə, hərbi hava yollarına sərbəst çıxışının təmin edilməsi, bölgə ölkələri ilə və qurumlarla hərbi tərəfdaşlıq münasibətlərinin yaradılması, onların dünyanın münaqişəli bölgələrindəki beynəlxalq sülhyaratma proseslərinə cəlb edilməsi s. kimi məsələlər diqqəti çəkirdi.

Azərbaycan ABŞ-ın həmin dövrdəki fəal regional təhlükəsizlik siyasətinə, beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, hansısa formada NATO-ya qoşulmaq, öz təhlükəsizlik taleyini bu Alyansla bağlamaq məsələsi istisna olmaqla Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisi-yasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib.

Barak Obamanın 2008-ci ildə hakimiyyətə gəlişindən sonrakı dövrdə ölkənin dünya və regional siyasətində, Milli Təhlükəsizlik Strategiyasında əsaslı dəyişikliklər edilib və ABŞ öz beynəlxalq və regional təhlükəsizlik siyasətinə ciddi düzəlişlər edərək, əsas diqqətini Avrasiyanın Xəzər-Qara dəniz hövzəsi, Mərkəzi Asiya və Cənubi Qafqaz kimi bölgəsindən çəkərək Əfqanıstan, İran kimi Cənubi Asiya və Şimali Afrikanın ərəb ölkələrinə yönəltmişdi.

Bu dövrdə, ABŞ-ın həm bütövlükdə Cənubi Qafqazda yürütdü-yü təhlükəsizlik siyasəti, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində nümayiş etdirdiyi passiv fəaliyyət, həm də ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq sahəsində atdığı praktik addımlar Azərbaycanı qane edə bilməzdi.

Bu baxımdan, hazırda ABŞ-ın təhlükəsizlik siyasətində yeni dövr kimi xarakterizə edilə biləcək bu strategiyada Birləşmiş Ştatlar bir tərəfdən və daha çox öz ölkəsinin dinamik inkişafı haqqında düşünür, digər tərəfdən isə xarici aləmlə razılaşdırılmış və uzlaşdırılmış təhlükəsizlik siyasəti yürütməyi, münasibətlərini dialoq, diplomatik danışıqlar və ortaq maraqların tapılması yolu ilə tənzimləməyi hədəfə götürür. Yeni strategiyada ABŞ-ın həm dünyaya geosiyasi baxışı, ona təsiretmə siyasəti, həm də tətbiq edəcəyi metod və vasitələr köklü surətdə dəyişib, milli təhlükəsizliyin təminatı ilə bağlı əvvəlki yanaşmalar yenilənib. Xüsusilə, ABŞ Prezidenti Donald Trampın ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi, ilk dəfə keçirilən və çox böyük əhəmiyyət kəsb edən Ərəb-İslam-Amerika Sammiti İslam dünyası ilə bərabərhüquqlu münasibətləri diqqətdə saxlamaq məqsədi daşıyır.

Azərbaycanın da bu Sammitdə yüksək səviyyədə iştirak etdiyini bildirən dövlət başçısı İlham Əliyev Zirvə toplantısının çox böyük mənasının olduğunu, ilk növbədə, müsəlman aləminin həmrəylik nümayiş etdirdiyini və ABŞ Prezidenti Donald Trampın öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə etdiyini yüksək qiymətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Donald Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq və digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirəcək. ABŞ-ın bu mövqeyi beynəlxalq hüquqa tam uyğundur, eyni zamanda, həm Rusiya, həm də Birləşmiş Ştatlarla strateji tərəfdaşlığa üstünlük verən Azərbaycanın geosiyasi maraqlarına tam cavab verir.


19:24 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər