KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın "Kiçik Yerusəlim"i- QIRMIZI QƏSƏBƏ

Dağ yəhudilərinin Qubanın Qırmızı Qəsəbə adlanan yaşayış massivində məskunlaşması tarixi qaynaqlara görə, XVIII əsrin 30-cu illərinə aiddir. O dövrdə Quba xanı Fətəli xan yəhudiləri himayəsi altına almış və indiki Qırmızı Qəsəbənin yerində məskunlaşmaq üçün onlara şərait yaratmışdır. 

Qırmızı Qəsəbə adı isə "qırmızılar"ın, yəni bolşeviklərin bu coğrafiyaya gəlişindən sonra ortaya çıxıb. Elə o vaxtdan bu yer Qırmızı Qəsəbə adlanır. (Yəhudilərin yaşadığı qəsəbəni Quba şəhərindən Qudyalçay ayırır. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı 3-cü Aleksandrın layıhəsi ilə tikilib). Onu da qeyd edək ki, XIX əsrin sonunda Qırmızı Qəsəbə İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə idi. Bu qəsəbə, həmçinin "kiçik Yerusəlim" kimi də tanınırdı. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda talışlar, avarlar, ləzgilər, ruslar, ukraynalılar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla 40-dan çox azlıq və etnik qrup yaşayır. Bu mənada müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi məmləkətimiz müxtəlif dinlərə mənsub xalqların əmin-amanlıq şəraitində yaşadığı çoxmədəniyyətli bir cəmiyyətdir. Artıq ölkəmizin tolerant ölkə olması faktı dünyanın tanınmış elm adamları, siyasətçiləri, ictimai xadimləri tərəfindən tanınır.

Dünyanın ən qədim xalqlarından olan və bütün yer üzünə səpələnmiş yəhudilərin bir qismi müstəqil Azərbaycan Rəspublikasının bərabərhüquqlu vətəndaşıdır. Quba şəhəri yaxınlığında, Qudalçayın sağ sahilində yerləşən Qırmızı Qəsəbə yəhudilərin ölkəmizdə ən çox məskunlaşdığı yaşayış məskənidir. Onu da vurğulamağı lazım bilirik ki, dağ yəhudiləri kimi tanınmış bu irqin dünyada ən çox məskunlaşdığı ünvan da elə Qırmızı Qəsəbədir.

Dağ yəhudilərinin Qubanın Qırmızı Qəsəbə adlanan yaşayış massivində məskunlaşması tarixi qaynaqlara görə, XVIII əsrin 30-cu illərinə aiddir. O dövrdə Quba xanı Fətəli xan yəhudiləri himayəsi altına almış və indiki Qırmızı Qəsəbənin yerində məskunlaşmaq üçün onlara şərait yaratmışdır. Yəhudilərin Qubada məskunlaşdığı yaşayış məntəqəsi ilk vaxtlar Zidkovskaya Sloboda adlandırılıb. XIX əsrin 60-70-ci illərində Zemstvo islahatlarından sonra Yevreyskaya Sloboda adlanıb. Qırmızı Qəsəbə adı isə "qırmızılar"ın, yəni bolşeviklərin bu coğrafiyaya gəlişindən sonra ortaya çıxıb. Belə ki, 1920-ci ildə XI Qızıl Ordu Xudata gəlir. Qəsəbədə isə qərargahları indiki Doğum evində yerləşdiriblər. Bolşeviklərin gəlişi ilə qəsəbə bir də ad dəyişməyə məruz qalıb. Elə o vaxtdan bu yer Qırmızı Qəsəbə adlanır. (Yəhudilərin yaşadığı qəsəbəni Quba şəhərindən Qudyalçay ayırır. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı 3-cü Aleksandrın layıhəsi ilə tikilib). Onu da qeyd edək ki, XIX əsrin sonunda Qırmızı Qəsəbə İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə idi. Bu qəsəbə, həmçinin "kiçik Yerusəlim" kimi də tanınırdı.

"Kiçik Yerusəlim"

Azərbaycanın istər xanlıqlar halında idarə olunduğu illərdə, istər rus çarizmi, istərsə də sovet hakimiyyəti dövründə burada yaşayan yəhudilər öz dini ayinlərini, milli adət-ənənələrini yaşatmışlar. Dünyanın müxtəlif qitələrində yaşayan yəhudilərin dillərində, təbii ki, müəyyən fərqlər meydana gəlməlidir. Qırmızı Qəsəbə sakinlərinin dili də bu mənada istisna deyil və ona fars dilinin təsiri özünü göstərməkdədir. Azərbaycan türklərinin milli ənənələrinin, məsələn, Novruzun, "Kitabi - Dədə Qorqud" kimi milli-mədəni qaynaqlarının sovet "əxlaqı"na uyğun sayılmadığı illərdə Qırmızı Qəsəbə yəhudiləri öz sinaqoqlarında ibadətlərinə davam etdirmiş, bütün dini rituallarını qoruyub saxlamış, kişilər başlarında dini simvol kimi gəzdirdikləri kipanı belə çıxarmamışlar. Qəsəbədə on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Hazırda real olaraq onlardan ikisi sinaqoq olaraq qapısını camaatın üzünə açır.

İbadət zamanı sinaqoqlarda tam xüsusi çağırış olmur. İnsanlar ibadət vaxtını əzbər bildiyindən özləri gəlib dua edirlər. Səhər ibadəti saat 8-də başlayır. Günorta ibadətinə axşam saat 8-də, axşam ibadətinə isə axşam saat 9-da gəlirlər. Qırmızı Qəsəbədə qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Hazırda yaşayış məntəqəsinin 3300-dən çox əhalisi var. Sakinlərin əksəriyyətini dağ yəhudiləri təşkil etsə də burada azərbaycanlılar, ləzgilər də mehriban şəraitdə yaşayırlar.

Qəsəbədə üç dildə danışılır: dağ yəhudilərinin gündəlik işlətdikləri İran kökənli "cuvuri" və Azərbaycan dillərində. Bu qəsəbə sakinlərinin böyük əksəriyyəti rus və ingilis dillərini də yaxşı mənimsəyiblər. Burada yerləşən 2 məktəbdən birində dərslər azərbaycan, digərində isə rus dilində tədris olunur. Hər ikisində dünya yəhudilərinin danışdığı ivrit dili tədris olunur.

Ən abad qəsəbə

Bu gün Qırmızı Qəsəbə Azərbaycanın ən abad və baxımlı yaşayış məntəqələrindən biridir. Rusiya və Avropa memarlıq üslubunda tikilən bir-birindən yaraşıqlı və cazibədar evlər bu qəsəbənin simasını günbəgün gözəlləşdirməkdədir. Qəsəbənin mərkəzi küçəsi (Azərbaycan müstəqillik əldə edəndən sonra da dağ yəhudiləri Leninin adını daşıyan bu küçəni Fətəli xan küçəsi adlandırıblar) yaraşıqlı evlərin və bağların arasından uzanıb gedir. Evlərin çardağında, müxtəlif təyinatlı binaların ən uca yerində altı güşəli ulduz diqqəti çəkir. Bu da dağ yəhudilərinin öz dinlərinə bağlılığının rəmzi kimi izah olunur. Evlərin ölçüləri çox böyükdür və kənardan baxanda yaraşığı ilə göz oxşayır.

Qəsəbədə dolaşdıqca tez-tez başında qara rəngli kipa gəzdirən yaşlı kişilərə və uzun ətəkli paltarlar geymiş, üstündən də naxışlı önlüklər bağlamış qadınlara rast gəlirsən. Gənclər isə ən son dəbdə geyinməyi xoşlayırlar.

Hələ sovet hakimiyyəti illərində belə dünya yəhudiləri ilə zəif də olsa əlaqələrini davam etdirən Qırmızı Qəsəbə sakinləri 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə dünyaya açılmaq imkanı əldə etmiş oldular. Güclü maliyyə qabiliyyətinə və imkanlarına sahib olan dağ yəhudiləri ilk növbədə Rusiyanın böyük şəhərlərinə, xüsusilə də Moskvaya və bir çox Avropa paytaxtlarına üz tutdular. Bu gün Rusiyanın ən zəngin adamları siyahısında Qırmızı Qəsəbənin bir neçə nümayəndəsinin adı yer almaqdadır. Bu qəsəbədə, demək olar ki, hər ailədən bir və ya bir neçə nəfər dünyanın müxtəlif ölkələrində biznes fəaliyyəti ilə məşğuldur. Bəzi ailələr İsrailə köçsələr də, Qırmızı Qəsəbə ilə əlaqələrini kəsmir, fürsət düşdükcə bu gözəl diyarı ziyarətə gəlirlər. Qəribədir ki, Azərbaycandan İsralə köçən yəhudilər övladlarına Faiq, Çingiz, İsmayil kimi türk və müsəlman adları verməkdən çəkinmirlər.

"Qırmızı Qəsəbənin inkişafı gözqabağındadır"

Qırmızı qəsəbədə dolaşdıqca dükanların qabağına qoyulmuş kətil üstündə oturub söhbət edən kişilər diqqəti çəkir. Elə bil ki, bu qəsəbədə işləyənlər ancaq ticarətlə məşğul olurlar. (Qırmızı Qəsəbədə qız uşağı gözə dəymir. Yalnız arada-bir mağazaya gedən qadınları küçədə görmək olur). Bir çox ailələr isə gündəlik dolanışıqlarını dünyanın müxtəlif ölkələrində bizneslə məşğul olan övladlarının göndərdiyi maliyyə vəsaiti ilə təmin edirlər. Bu qəsəbədə əhalinin həyat standartı Azərbaycanın əksər qəsəbə və şəhərləri ilə müqayisədə xeyli yüksəkdir. Burada kommunal məsələlər ən yüksək şəkildə öz həllini tapıb. Ölkə prezidenti şimal rayonlarına səfərləri zamanı tez-tez bu qəsəbəyə baş çəkir, sakinlərin təklif və ehtiyaclarını dinləyib dəyərləndirir.(Zaman Azərbaycan)


07:53 30.04.2017
Xəbər lenti
Bütün xəbərlər