KANAL24.AZ
Az Iw En Ru

Hər baş ağrısında ağrıkəsici içməyin

"Baş ağrısı hər kəsin bildiyi bir şikayətdir. Elə bir insan olmaz ki, heç olmasa bir dəfə başı ağrımasın. Bu, ən sıx görülən və daha çox ev şəraitində müalicə olunan haldır. Dünyada da həddən artıq çox yayılıb. Bildiyiniz kimi, beyin toxumasının içərisində ağrını qəbul edən ağrı reseptorları yoxdur. Beyin toxumasına birbaşa müdaxilə etsək, insan onu hiss etməz. Bəs baş ağırısı nədən yaranır? Beyin içərisində olan onurğa beyin mayesinin təzyiqinin artmasından qaynaqlanır".

Bunu Ailem.az-a nevroloq, uzman doktor Nailə Ələkbərova baş ağrılarından danışarkən deyib. Həkimin sözlərinə görə, baş ağrıları 2 böyük qrup altında müayinə olunur:
 
Birincili baş ağrıları: bu zaman altda yatan ciddi xəstəlik olmur. Amma digər xəstəliklərin olub-olmamasını, diaqnozu qoymaq üçün analizlər aparılır. Bu ağrıların bir qismi genetik səbəblə bağlıdır. Bir qismi orqanizmin anatomik quruluşu ilə ortaya çıxır - miqren, gərilim, kümə baş ağrıları və s.
 
İkincili baş ağrıları: altda yatan hansısa xəstəlik nəticəsində ortaya çıxır. Bu qrupa daxil olan baş ağrıları baş-boyun travmaları, onurğa beyninin infeksiyaları, beyin şişləri, beyin qanaması, qanda müəyyən maddələrin miqdarının artıb-azalması, narkotik maddə qəbuluna başlamaq, yaxud dayandırmaq və digər səbəblərlə bağlı olaraq ortaya çıxır.
 
Bəs hansı hallarda həkimə müraciət etmək məhsuldur? N. Ələkbərova deyir ki, əksər adamların baş ağrısı uzun illər davam etsə də, onlar həkimə getmirlər. Hətta miqreni olanların 50 faizi həkimə müraciət etmir, elə o ağrıyla yaşayır. Amma həkimə müraciət etdirən baş ağrıları fərqli olur: "O baş ağrıları daha şiddətli, fərqli xarakterdə olur, həyat keyfiyyətini aşağı düşürür. Bəzən ağrı o qədər şiddətli olur ki, xəstə özü həkimə gələ bilmir, onu yaxınları gətirir. Bu zaman xəstədə şiddətli ağrı ilə yanaşı görmə bulanıqlığı, ikigörmə, qolunda, ayağında, bədənin bir yarısındə gücsüzlük, hissiyyatın pozulması, uyuşma, keyləşmə kimi şikayətlər olur. Baş ağrısı hər hansı xəstəliyin ilkin siqnalı kimi qəbul edilir. Ona görə bu şikayəti olan insan həkimə müraciət etsə, yaxşı olar. Baş ağrısı bir çox xəstəliklərin səbəbi ola bilər - daxili orqanların xəstəlikləri, beyin xəstəlikləri, infeksiya, metabolik xəstəliklər, damar patalogiyaları, beyin şişləri və s. Ən çox narahat olduğumuz damar patalogiyalarıdır. Beyin damarlarında normaldan fərqli olaraq genişlənmə - anevrizma baş verir. Anevrizmanın partlaması zamanı beyin içərisində qanama olur. Çox şiddətli baş ağrısı verir. Xəstə deyir elə bil beynimdə bomba partladı. Bəzən əlamətlər o qədər sürətli irəliləyir ki, xəstə həkimə gəlməyə macal tapmır. Xəstədə huşsuzluq yaranır, qıcolma tutması keçirə, huşunu itirib yerə yıxıla bilər. Məşhur türk müğənnisi Ebru Gündeşin də beynində  damar patalogiyası vardı - anevrizması partlamışdı. Onda bu hal ilk olaraq başlayan baş ağrısının ardından qıcolma ilə özünü göstərmişdi. Həkimlərin tez bir zamanda müdaxiləsi ilə həyatını xilas etmək mümkün olmuşdu. Göründüyü kimi, baş ağrısı çox iti bir mövzudu. Həkim xəstəni dəyərləndirərkən böyük risk alır. Düzgün diaqnoz qoyulmasa, xəstə həyatını itirə bilər. Ümumiyyətlə, baş ağrısı olan xəstələrdə nəticə hər zaman üzgüldürən olmur. 10-11 faiz hallarda ölümlə nəticələnir". 
 
Nevroloq baş ağrıları zamanı ağrıkəsici istifadəsi məsələsinə toxunub. O bildirib ki, baş ağrısı çox şiddətli və yeni xarakterdə deyilsə ağrıkəsici içmək olar: "Təbii ki, ağrıkəsici seçimini həkimlə məsləhət etsələr, yaxşı olar. əslində dərmandan çox istifadə etməmək lazımdır. Məsələn, miqren xəstələri bir müddət həkim müayinəsinə gəlməyi təxirə salırlar. Nəticədə baş ağrıları sıxlaşdığından tez-tez ağrıkəsici içməyə başlayırlar. Bu zaman əksər miqren xəstələrində ağrıkəsici istifadəsinə bağlı olan baş ağrısı yaranır. Ayın 10-15 günü ağrıkəsici istifadə etdikdən sonra fərqli bir baş ağrı növü meydana çıxır. Bu zaman miqren irəliləyir, əlavə baş ağrısı olur, xəstənin durumu pisləşir. Üstəlik, daxili orqanlara da toksiki zərərləri var. Odur ki, ağrıkəsicilərdən mümkün olduğu qədər az istifadə etmək lazımdır. Hər baş ağrıyanda ağrıkəsici dərman atmasınlar".    
 
N. Ələkbərova boyunda, beldə olan duzlaşmanın baş ağrısına səbəb olması məsələsinə də fikir bildirib: "Bu, çox sıx eşitdiyimiz şikayətlərdir. Xəstələr onlara belə diaqnozun qoyulduğunu çox deyirlər. Ümumiyyətlə, duzlaşma adlı diaqnoz yoxdur. Yaşla bağlı olaraq bədəndə, xüsusən sümük-skelet sistemində, onurğada dəyişikliklər gedir. Bəzi minimal dəyişikliklər ola bilər ki, bu, əzələ və bağ sistemində öz təsirini göstərir, nəticədə yerli ağrılar ortaya çıxır. Bu ağrılar birincili və ikincili qruplara daxil deyil. Əsasən 30-35 yaşdan sonra görülən, təhlükəli olmayan, ildə 2 dəfə fəsil dəyişikliyi zamanı dərmandan daha çox alternativ yollara baş vurulması gərəkən durumdur. Masaj və fizioterapiya o insanlara daha yaxşı təsir edir. Amma sadaladığım qruplara daxil olan baş ağrıları mütləq dərmanla müalicə edilməlidir. Təəssüf ki, dərman müalicəsi almayan, alternativ yollara baş vuran insanlar çoxdur. Otlarla, qeyri-tibbi yollarla müalicə mövcud deyil. Diqqətli olsunlar".
 
Miqrenlərdən danışan həkim bunun birincili qrupa daxil olan və çox tez-tez rast gəlinən baş ağrısı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, kişilərə nisbətən əsasən qadınlarda daha çox rast gəlinir. Xüsusən də gənc, 30-40 yaşlı qadınlarında: "Bu da hormonal diyişikliklər, estrogen hormonu ilə bağlıdır. Amerikada aparılan araşdırmalara görə, miqrenin 90 faiz diaqnozu doğru qoyulmur. Diaqnoz doğru qoyulmadıqda müalicə də düzgün getmir. Miqrenin səbəbinə gəldikdə, beyin zarlarında keçici iltihablanmadır. Və bir qədər beyin zarlarında şişməyə bağlı olaraq ortaya çıxan baş ağrılarıdır. Müalicəsi var. Həm qoruyucu müalicə gedir, həm profilaktik. Qoruyucu müalicə bir ilədək davam edir. Bu müddətdən az olması doğru deyil. Müalicə müxtəlif dərmanlarla edilir. Bu dərmanlar xəstənin yaşına, digər xəstəliklərinə, miqrenin növünə görə və digər faktorlar nəzərə alınaraq edilir. Miqren iş həyatına, hətta görmə qabiliyyətinə də təsir edir. Miqreni olan adamda hava dəyişikliyi ilə, yəni istidən soyuğa, soyuqdan istiyə keçildiyi zaman baş ağrısı artır. Ona görə də biz onlara hər zaman öncədən bunu bildiririk ki, mümkün qədər hava dəyişikliyinə hazır olsunlar. Bundan başqa aclıq, yuxusuzluq, stress kimi faktorlar da baş ağrısını artıra bilir. Bunlara da diqqət etmələrində fayda var. Miqreni olan insanlarda baş ağrıları günəşli günlərdə daha çox artır. Parlaq işıq və günəş miqrenə pis təsir edir. Miqreni olan insanların işığa qarşı həssaslığı olur. Ona görə də onlara mütləq günəş eynəklərindən istifadə etməyi məsləhət görürük. Sadəcə günəşli havaya çıxanda yox, hətta alış-veriş mərkəzlərində də tünd rəngli eynəklər taxmağı məsləhət görürük. Çünki böyük məkanlarda işıqlar gur olur. Miqren xəstələri günəş və gur işıqlardan qorunmalıdırlar. Temperaturun kəskin şəkildə dəyişilməsinə diqqətli olmalıdırlar". 


06:14 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər