KANAL24.AZ
Az Iw En Ru

Hədisi-qüdsi nə deməkdir?

Hədisi-qüdsi nə deməkdir? Onun Quran ayələri və adi hədislərlə fərqi nədir?

Hədisi-qüdsi "müqəddəs hə­dis" deməkdir. Mənası Allah-təalaya, amma forması (söz quruluşu) Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə məna şəklində vəhy edib, amma Peyğəmbər onu söz qəlibinə sa­laraq insanlara çatdırıb.

Quran ayələri ilə hədisi-qüdsi arasında 6 əsas fərqin olduğunu qeyd edirlər:

1. Quran ləfzi ecaza malikdir (leksik baxımdan bən­zərsiz və təkrarsızdır), hədisi-qüdsidə bu xüsusiyyət yoxdur.

2. Namazda yalnız Quranın ayələri oxunmalıdır, hədisi-qüdsini namazda qiraət əvəzinə oxumaq olmaz.

3. Quranı inkar edən kafirdir, hədisi-qüdsini inkar edən isə kafir sayılmaz.


4. Quran vəhy mələyi Cəbrailin vasitəsilə nazil olub, hədisi-qüdsıdə bu xüsusiyyətin olması zəruri deyil. O, yuxuda və başqa şəraitlərdə də Peyğəmbərə ötürülə bilər.

5. Quran məhz bu şəkildə löv­hi-məhfuzdan Peyğəmbərə endirilib, hədisi-qüdsinin sözləri isə adətən, Peyğəmbərə məxsus olur.

6. Quranın yazısına dəstəmaz­sız və ya qüslsüz toxunmaq olmaz, hədisi-qüdsiyə isə olar.

Hədisi-qüdsilərin sayı barədə məlumatlar dəqiq deyil. İbn Həcər Heysəmi Əllamə Nə­vəvinin "Qırx hədis"inə yazdığı şərhdə gös­tərir ki, hədisi-qüdsilərin sayı 100-ə yaxındır və bunları müstəqil kitab şəklində də top­layanlar olub. XVII əsrdə yaşamış məşhur cəfəri alimi Hürr Amulinin "əl-Cəvahirüs-səniyyə fil-əhadisil-qüdsiyyə" kitabında 656 hədisi-qüd­si toplanıb.


16:11 02.03.2017
Xəbər lenti
Bütün xəbərlər