KANAL24.AZ
Az Iw En Ru

“Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb

Kanal24.az xəbər verir ki, AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Xəzər dənizinin hidrometeoroloji atlası” çapdan çıxıb.

Coğrafiya İnstitutundan AzərTAc-a bildiriblər ki, 300 səhifədən ibarət olan atlas şərti olaraq yeddi hissəyə bölünür.
“Müqəddimə” adlanan birinci hissədə Xəzər dənizinin hidrometeorologiyası haqqında qısa məlumat verilir. Sahil zonası və açıq dənizdə yerləşmiş müşahidə məntəqələri, bu məntəqələrdə aparılmış müşahidələr, onların davam etmə müddəti, ölçmələrin periodikliyi və tezliyi informasiyaları bu hissədə yer alıb. Burada daha sonra dənizin akvatoriyasının dərinliklərə görə kvadratlara bölünməsi prinsipi verilir. Bölmə Xəzəryanı ölkələr haqqında qısa məlumatla tamamlanır.
İkinci hissə “Coğrafi bölmə” adlanır. Bura batimetrik, dəniz dibinin meylliyi və geomorfoloji xəritələr daxil edilib, onların tərtib olunmasının əsasları izah olunub.
Atlasın əsas hissələrindən biri “Hidrologiya” adlanan üçüncü hissəsində ən əvvəl Xəzər dənizi səth qatının aylar üzrə, sonra isə orta illik temperatur paylanması verilir. Dənizin Azərbaycan şelfinin müxtəlif hissələrində, ilin müxtəlif fəsillərində temperaturun paylanması xüsusi xəritələrə daxil edilib. Səth dalğalarının insanın dənizdə təsərrüfat fəaliyyətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, atlasda bu hidroloji elementə böyük yer verilir, dəniz akvatoriyasında onun aylar üzrə paylanması, müxtəlif istiqamətli və sürətli küləklərdə hündürlüyü, uzunluğu, periodu və faza sürətlərinin xəritələri verilir. Bu hissədə həm də duzluluq, şəffaflıq, axınlar və buzların yaranması kimi hidroloji elementlərin zaman və məkan paylanmasının xəritələri öz əksini tapıb.
Dəniz üzərində havanın temperaturu, mütləq və nisbi rütubət, buludluluq, radiasiya və albedo, küləyin rejimi, sürəti və istiqamətləri “Xəzər dənizinin meteorologiyası” adlanan dördüncü fəsildə öz əksini tapır.
Beşinci fəsil dənizin atmosferlə qarşılıqlı təsirinə həsr olunub. Dəniz üzərində buxarlanma istiliyi, atmosferlə dəniz arasında istilik mübadiləsi, dənizin istilik tutumu, istilik balansı, adveksiyası və s. bu hissənin əsasını təşkil edir.
Altıncı fəsil dənizin səviyyə dəyişmələrinə həsr olunub. Nəhayət, atlas istifadə olunmuş məlumatların informasiya bazasının verilməsi ilə tamamlanır.
Atlas Xəzər dənizində müxtəlif təsərrüfat fəaliyyətində (neft hasilatı, nəql, hidrotexniki qurğuların tikilməsi, gəmiçilik və s.) istifadə etmək üçün hazırlanıb.
Nəşrdən hidrometeorologiya, hidrofizika və Xəzər dənizi regionunda sosial-iqtisadi şəraitlə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər.
Atlas doktorantlar və universitetlərin müvafiq sahələrində təhsil alan tələbələri üçün də faydalıdır.


09:33 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər