KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Oktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 

 

Kanal24-ün məlumatına görə, əvvəlcə Komissiyanın 2014-cü il mayın 29-da keçirilmiş iclasının protokolu təsdiq edildi. Sonra Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsinin təşkil olunması və həyata keçirilməsi məqsədilə 2014-cü il oktyabrın 17-də dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində müşavirə və oktyabrın 18-də dairə seçki komissiyaları arasında təcrübə mübadiləsi, sonra isə oktyabrın 22-24-də dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi qərara alındı.

Komissiyanın iclasında IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə də baxıldı. Qeyd olundu ki, Milli Məclisin deputatı Mübariz Qurbanlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən onun deputat mandatına xitam verilməlidir. Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları, eləcə də Mübariz Qurbanlının özü tərəfindən deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciətini nəzərə alaraq, onun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etdi.

Sonra seçki dairələrinin sxemi, qrafik təsviri və hüdudlarında dəyişiklik zərurəti yaradan normativ-hüquqi aktların icrası və seçki dairələrinə aid tələblərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması məsələsi müzakirə olundu. Mərkəzi Seçki Komissiyası seçki dairələri və məntəqələrin seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması, həmçinin bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər edilməsinə qərar verdi. Belə ki, 41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradıldı. Eləcə də bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edildi.

MSK-nın qərarı ilə həmçinin Komissiyanın bəzi normativ xarakterli aktlarına və bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi, eləcə də cari məsələlərə baxıldı.

Beynəlxalq və xarici qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.


07:27 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər