KANAL24.AZ
Az Iw En Ru

"Dnepr"in futbolçusu "Qarabağ"a kömək edən hakimə "ilişdi"

"Zaqreb "Dinamo"su ilə görüşdə meydandan qovulmağımda özüm də günahkaram. Əsəblərimi cilovlaya bilmədim".

Bu sözləri Ukraynanın "Dnepr" klubunun futbolçusu Sergey Kravçenko deyib.

Əvvəllər "Qarabağ"ın da formasını geyinən yarımmüdafiəçi Antalya toplanışı ilə bağlı müsahibə verib. O, azərbaycanlı hakimlərin idarə etdiyi Zaqreb "Dinamo"su ilə matçdakı qırmızı vərəqəni də ədalət təmsilçilərinin ayağına yazır:

"Hesab edirəm ki, hakim də özünü çox prinsipial apardı. İlk sarı vərəqəni onun qərarı ilə razılaşmadığım üçün vermişdi. İkincini isə yüngül şəkildəki nalayiq ifadələr üçün çıxardı. Yoxlama oyunlarında belə hallara görə meydandan qovmurlar. Matçın hakimi Azərbaycandan idi. Onun geyiminin üzərində FİFA loqosu yapışdırılmışdı. Yəqin ki, məni belə prinsipiallıqla meydandan qovursa, özünü dünyanın mərkəzi bilib. Hətta "Dinamo"nun futbolçuları hakimdən xahiş etdilər ki, bu addımı atmasın. Amma yenə də özümə bəraət qazandırmıram. Çünki günahkar olduğumu bilirəm. Yaxşı ki, bu çempionatda deyil, toplanışda yaşandı. Komandamızın azlıqda oynamalı olmasına da üzüldüm".
 
FİFA referisi Rəhim Həsənovun idarə etdiyi qarşılaşma haqda daha öncə Dmitri Nağıyev də narazılığını bildirmişdi. U-21 millimizin üzvü azərbaycanlı hakimlərə görə xəcalət çəkdiyini açıqlamışdı.
 
Qeyd edək ki, bu hadisə Həsənovun iştirakı ilə ilk narazılıq deyil. Ölkə miqyaslı yarışlarda da mübahisəli qərarları ilə diqqət mərkəzinə düşən ədalət təmsilçisinin son "qəhrəmanlığı" Topaz Premyer Liqasının XIII turuna təsadüf etmişdi. Çempionatın liderləri "Qarabağ"la "Qəbələ" arasında görüşün taleyini öz şübhəli qərarları ilə həll edən Həsənov ağdamlıların 2:1 hesablı qələbəsində "pay sahibi" olmuşdu. Bu isə Qurban Qurbanovun yetirmələrinin rəqibini keçib, "qış çempionu" olması ilə nəticələnmişdi.


20:06 27.01.2017
Xəbər lenti
Bütün xəbərlər