KANAL24.AZ
Az Iw En Ru

TRAMPDAN QALMAQALLI AÇIQLAMALAR: O NATO-nu "qoca təşkilat", Merkeli "faciəvi səhv edən" adlandırdı

Britaniya Avropa Birliyindən çıxmaqla bağlı "Brexit" qərarını qəbul etdi. Mən Britaniyaya ədalətli sövdələşmə təklif etməyə hazıram. Bu sövdələşmə britaniyalılara keçid dövrünün çətinliklərinin öhdəsindən gəlməyə yardım edər. Əslində, sonucda bəlli olacaq ki, "Brexit" əla işdir.

ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiya mərasiminə 4 gün qalmış Britaniyanın The Times və Almaniyanın Bild qəzetlərinə verdiyi müsahibəsində belə deyib.

D.Tramp daha sonra bildirib ki, britaniyalıların qərarına sayğı ilə yanaşır: "Səbəb sadədir: onlar istəmədilər ki, başqa adamlar gələrək Britaniyanı darmadağın etsinlər. Britaniya dürüst addım atıb və qeyri-qanuni miqrasiyanın qarşısını alıb".

O, daha sonra Almaniyanın kansleri Angela Merkelin yürütdüyü siyasəti tənqid edib.

"Merkelə böyük sayğım var, onu böyük lider sayıram. Lakin hesab edirəm ki, o, faciəvi səhvə yol verib. Çünki haradan gəldiklərindən asılı olmayaraq yüz minlərlə miqrantı qəbul etməklə Merkel ölkəsi üçün çox böyük problemlər yaradıb. O miqrantların haradan gəldiklərini kimsə dəqiq bilmir", - D.Tramp söyləyib.

ABŞ-Rusiya münasibətlərindən bəhs edən D.Tramp bəyan edib ki, nüvə silahları ehtiyatlarının azaldılması ilə bağlı Rusiya ilə ikitərəfli anlaşma əldə olunarsa, Moskvaya qarşı tətbiq edilmiş sanksiyalar aradan qaldırıla bilər.

Sonda Donald Tramp NATO-dan danışıb.

"NATO çox mühüm təşkilatdır. Amma bu strukturdakı 22 ölkədən yalnız 5-i müdafiəyə yetərincə pul ayırırlar. NATO-nun problemləri olduğunu çoxdan deyirəm. Əvvəla, NATO qocalıb, çünki çoxdan yaradılıb. Sonra da bu təşkilatdakı ölkələr üzvlük haqlarını ədalətli şəkildə ödəmirlər", - Tramp deyib.


17:43 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər