KANAL24.AZ
Az Iw En Ru

“Sən də bir həyat ver” devizi ilə qanvermə aksiyaları davam etdirilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq üçün “Sən də bir həyat ver” devizi ilə qanvermə aksiyalarının təşkilini davam etdirir.
Növbəti aksiyalardan biri də Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Kanal24 xəbər verir ki, tədbirdə donorların müayinəsini və qan götürülməsini həyata keçirən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Vidadi Quliyev ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.
Qeyd olunub ki, müasir təbabətdə həkimlərin sərəncamında çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir.
Diqqətə çatdırılıb ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların müxtəlif xəstəliklərində qandan və ya ondan hazırlanmış preparatlardan geniş istifadə olunur. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizm bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikada da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Sonra “Sən də bir həyat ver” devizi ilə qanvermə aksiyasına başlanılıb. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.
Bir neçə saat davam edən aksiyada xəstəxananın həkim və tibb bacıları, texniki heyəti ilə yanaşı, Culfa rayonunun idarə və müəssisələrindən 30 nəfər ümumilikdə 6,6 litr qan verib.
Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda burada xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.
Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır./AzerTac/


02:49 11.10.2014
Xəbər lenti
Bütün xəbərlər