KANAL24.AZ
Az Iw En Ru

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı – Novruz

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı
Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk
xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının
milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət
edib, bayram süfrələri açmalıdırlar.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə
deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır.
Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını,
rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx
birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost
edibdir”.
Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə
qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni
qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi.
Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış
oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il
Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki,
belə də olacaqdır”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. Ötən ilki lokal antiterror
tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da azad edildi. Bu il artıq Novruz
ölkəmizin bütün ərazisində, o cümlədən ötən il azad edilən Xankəndi, Xocalı, Ağdərə,
Xocavənddə də qeyd ediləcəkdir.
Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş
Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan
olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində
keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci
sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı
nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu
hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı
gərgin fəaliyyəti nəticəsində baş verib.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd
ünsürü ilə – Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan
tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə
əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və
fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki,
xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir
Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar
müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi
Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq
müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır.
Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


09:04 20.03.2024
Xəbər lenti
Bütün xəbərlər