KANAL24.AZ
Az Iw En Ru

NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq, baxımından da əhəmiyyətlidir

Prezident İlham Əliyevlə görüş əsnasında Y.Stoltenberq enerji təhlükəsizliyi sahəsində
Azərbaycanın bir sıra NATO müttəfiqləri ilə sıx əlaqələrini alqışlaması münasibətlərin müxtəlif
sahələrdəki  xarakterini də açdı. Bu baxımdan rəsmi Bakının Ermənistanın təcridini və
zəifliyini artırmaq üçün geostrateji təsir imkanlarından istifadə etməyə çalışması İrəvanın
sülhə məcbur edilməsinin fərqli yollarından biridir. Bundan əlavə, bu tərəfdaşlıq Bakı üçün
Ermənistana  münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu da oynayır
ki, bu da son nəticədə İrəvanın zəifləməsinə gətirib çıxara bilər.  Həmçinin Azərbaycanın
qapalı formatda  Fransa başda olmaqla NATO dövlətləri tərəfindən Ermənistana yardımdan
narahatlığını son görüşdə ortaya qoyması və bunun aradan qaldırılmasının zəruriliyini
vurğulaması real arqumentlərdəndir. Çünki davamlı siyasi və hərbi dəstək Ermənistanı
sülhdən yayındıra bilər, bu da regional sabitliyə təhdidləri artırır.
Azərbaycan balanslaşdırma siyasəti sayəsində Rusiya ilə Qərb arasında artan
qarşıdurma fonunda manevr imkanını saxlayır. 
Müəyyən bir məqamda, xüsusən də Gürcüstan və Ukrayna kimi postsovet
məkanındakı digər dövlətlər fəal şəkildə alyansa üzv olmağa can atanda, Azərbaycan GUAM-
dakı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) həmkarlarının yolunu getmədi. Reallıqda
isə Bakı heç vaxt NATO üzvlüyünə can atmadı və bunun əvəzinə rəqib bloklardan bərabər
şəkildə faydalanmağa çalışır.
Vətən müharibəsindənki Qələbədən, ümumuiyyətlə, 2021-ci ildən sonra NATO ilə
Azərbaycan arasında qarşılıqlı səfərlər müntəzəm xarakter almağa başladı. Belə ki, 2021-ci
ilin dekabrında Prezident İlham Əliyev Brüsseldə Alyansın mənzil-qərargahına baş çəkərək
Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı əlaqəyə malik olmasından çox məmnun
olduğunu” bəyan etməsi münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir.
2021-ci ildən bəri NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Xavyer Kolominanın və digər NATO rəsmilərinin Azərbaycana səfərləri praktiki əməkdaşlıq,
baxımından da əhəmiyyətli idi.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 2023-cü ilin
mayında Brüsseldə NATO rəsmiləri ilə bir sıra görüşlərə qatılması da deyilənləri təsdiq edir.
Azərbaycan NATO ilə əlaqələrini Türkiyə vasitəsilə də inkişaf etdirir. Belə ki,
Azərbaycan NATO üzvü olan qardaş ölkənin de-fakto təhlükəsizlik zəmanətindən də
faydalanır, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini, onları NATO
standartlarına yaxınlaşdırmağı hədəfləyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta 2021-ci il iyunun 15-də imzalanmış
ikitərəfli Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda Türkiyə hərbi bazasının yaradıla
biləcəyini açıqlamışdı. Bu da NATO ölkəsi Türkiyə ilə əməkdaşlığın genişlənməsinin güclü
göstəricisidir.
2022-ci ildə NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Baş Qərargah rəisinin müavini
kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi Atlantik Alyansının nümayəndə heyəti
Azərbaycanın hərbi obyektlərinə baş çəkib və “NATO ilə tərəfdaşlıq nəticəsində əldə edilən
əməliyyat imkanlarında irəliləyişi” yüksək qiymətləndirib.
Bütün bunlar onu göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindən səmərəli
şəkildə istifadə edir və onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma və minalardan
təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasındadır.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi


10:26 19.03.2024
Xəbər lenti
Bütün xəbərlər