KANAL24.AZ
Az Iw En Ru

Mehriban qonşuluq və dostluğa əsaslanan əlaqələr

Azərbaycan və Gürcüstan taleyi bir-biri ilə sıx bağlı olan iki qonşu və dost ölkələrdir. Bu
gün tam əminliklə deyə bilərik ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr mövcuddur.
Təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn
münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İrakli Kobaxidzenin Baş nazir kimi ilk xarici
səfərini məhz Azərbaycana etməsi belə deməyə əsas verir ki, rəsmi Tbilisi Bakının inkişaf
gündəliyini bundan sonra da dəstəkləyəcək.
Gürcüstan Şərq-Qərb arasında mühüm tranzit məntəqələrindən biri hesab olunur.
Geostrateji yerləşməsinə görə mühüm nəqliyyat şəbəkəsinə malik olan Gürcüstan həm Qərb
ölkələri, həm də regional dövlətlər üçün strateji tərəfdaş kimi səciyyələnir. Bununla yanaşı,
Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı da tarixən çoxsaylı və
möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri
bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz,
adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında
deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.
Azərbaycan ilə Gürcüstanı təkcə tarixi əlaqələr birləşdirmir, hər iki dost ölkə enerji
dialoqunda mühüm elementlərə çevrilmiş strateji boru kəmərləri ilə də sıx bağlıdır.
Ölkələrimizin iştirakı ilə strateji meqa layihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji
tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da
aktuallaşır. Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata
açıqlamasında bu məqama xüsusilə toxunaraq bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə
nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya
üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, nəqliyyat
sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz
imkanlar açacaq. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il
ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır.
Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin
düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb.
Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından
biridir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Azərbaycan investorları Gürcüstan
iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan
kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Perspektivli istiqamət Azərbaycan və
Gürcüstanın böyük potensiala malik olmasına əsaslanan bərpaolunan enerji sahəsində
əməkdaşlıqdır. Söhbət Günəş, külək və su elektrik stansiyalarının tikintisindən gedir və
tərəflər yaşıl enerji layihələri üzərində işləyirlər. Digər uğurlu layihələr kimi, yaşıl enerji layihəsi
də eyni müvəffəqiyyətlə icra ediləcək. Yaşıl enerjiyə böyük tələbatın olduğunu diqqətə
çatdıran dövlətimizin başçısı bir daha qeyd etdi ki, həm Gürcüstanın, həm Azərbaycanın çox
böyük bərpaolunan enerji potensialı var və tərəflər hazırda texniki-iqtisadi əsaslandırma
üzərində çalışırlar. İlin sonuna qədər bu prosesin başa çatacağı və ondan sonra praktiki
addımların atılacağı planlaşdırılır.
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə
prioritet olub. Baş nazir İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın
dinamikasını daha da gücləndirəcək və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki qardaş
ölkə bundan sonra da əl-ələ verərək irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə
həll edəcəkdir. Bu səfər cənab Kobaxidzenin ifadə etdiyi kimi, Azərbaycan-Gürcüstan
əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


08:07 19.03.2024
Xəbər lenti
Bütün xəbərlər