KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanla Türkiyə arasında əlaqələr digər sahələrdə olduğu kimi, hərbi sahədə də yüksək səviyyədədir

Tarixi Zəfərimizə yol açan 44 günlük Vətən müharibəsi həqiqətlərin təqdimatı oldu. Əsas olan xarici siyasətin əsas prinsipi kimi qarşılıqlı hörmət və səmimiyyət kimi amillərin necə qorunması, reallıqla eynilik təşkil edib-etməməsi oldu. Bütün hallarda tarixin sərt sınaqlarından şərəflə çıxan, dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi İkinci Qarabağ müharibəsində bir daha özünü nümayiş etdirdi. 2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir.

Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların Türkiyədən sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.»

Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilirək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın “Star” neft emalı zavodunun işə düşməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə göstərir.

Azərbaycanla Türkiyə arasında əlaqələr digər sahələrdə olduğu kimi, hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə hərbçilərinin ənənəvi olaraq keçirilən hərbi təlimləri deyilənlərin təsdiqidir. Bu təlimlər qardaş ölkənin KİV-lərində daha çox müzakirə olunmaqla, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin bariz nümunəsi kimi qeyd edilir. «Bir millət, iki dövlət» kimi dəyərləndirilən Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafının göstəricisi kimi şərh edilən bu təlimlər, həmçinin iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edən, hər bir məsələyə yanaşmada ədaləti ortaya qoyan Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti də diplomatik uğurlarımıza davamlı töhfələr verir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, onu diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı- 10 noyabr Zəfər Günü. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu addım da Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təntənəsidir.

 

Sahab Nuriyeva,

Sabirabad rayonu Çöl Beşdəli kənd uşaq bağçasının müdiri


17:32 10.06.2021
Xəbər lenti
Bütün xəbərlər