KANAL24.AZ
Az Iw En Ru

Türkiyə ilə Azərbaycan arasında birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti vardır

Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sahədə, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb.

Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabucco” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Siyasi müstəvidə əməkdaşlığın güclənməsində YAP nümayəndə heyətinin bir neçə gün əvvəl Türkiyəyə səfəri və səfər zamanı aparılan müzakirələrin, əldə edilən razılaşmaların da böyük əhəmiyyət kəsb edir. Bu səfər göstərir ki, hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığa dair niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək. “44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP ilə AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın ifadəsidir.

 

Qalib Mirzəyev,

Sabirabad rayonu Yaxa Dəllək kənd Ailə Sağlamlıq Mərkəzinin müdiri

 


16:31 10.06.2021
Xəbər lenti
Bütün xəbərlər