KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ"ın baş məşqçisi planlardan danışdı: "Şuşamızın azad edilməsi klubumuzun bütün üzvlərinə möhtəşəm ruh yüksəkliyi gətirdi"

Reqbi millimizin sabiq üzvü Nizami Mahmudov karyerasını başa vurduqdan sonra sevimli idman növündən kənarda qalmadı. 35 yaşlı veteran indi əsl kişi idmanı hesab edilən bu növün sirlərini gənc nəslə aşılamaqdadı. Mahmudov “Qarabağ” komandasının baş məşəçi vəzifəsində çalışır. Sport24.az-a verdiyi müsahibədə gənc mütəxəssis komandasının hədəflərindən bəhs etdi.

- Uzun sürən fasilədən sonra “Qarabağ” reqbi klubu fəaliyyətini bərpa edib. Klubun planları nədən ibarətdir?
- “Qarabağ” reqbi klubunun canlanması hamımız üçün sevindiricidir. 2020 klubumuz üçün yeni nəfəs ili olsa da, məlum səbəblər üzündən istədiklərimizə həyata keçirmək mümkün olmadı. Çünki məşq prosesini müəyyən fasilələrlə həyata keçirmək məcburiyyətində idik və bundan sonra da məşqlərin keçirilməsi karantindən asılıdır. Planlarımız və gözləntilərimiz çoxdur, 2021-ci ildə onları prioritetlər üzrə reallaşdırmağa çalışacağıq. Bunlardan məktəblərdə reqbinin təbliğ edilməsi, müxtəlif yaşlarda uşaq və yeniyetmələrin müvafiq yaş kateqoriyaları üzrə heyətlərə cəlb olunması, müntəzəm təlim-məşq toplanışlarının keçirilməsi kimi planları qeyd edərdim.

- Klubunuz 2015-ci ildə fəaliyyətə başlayar-başlamaz ölkədə mövcud olan reqbi klubları arasında liderliyə yiyələndi. Cari dövrlərdən ölkədə klubların sayının artması “Qarabağ”a liderliyə yiyələnməsinə mane olmayacaq?
- Bəli, Azərbaycan Reqbi Federasiyası bölgələrdə reqbinin inkişafına dəstək verərək yeni klublar formalaşdırmağa başlayıb. Bu da sevindirici haldır. Klubların sayının artması rəqabətin də artması deməkdir. Sağlam rəqabət olan yerdə isə hər zaman inkişaf olur. Biz bütün klublara hörmətlə yanaşırıq, hədəfimiz isə əlbəttə ki, hər zaman birinci olmaqdır.

- Klubun fəaliyyətinin bərpası ilə məşqçi heyəti də genişləndirilib. İlqar Qubadovdan gözləntiləriniz nədir?
- İlqar Qubadovla milli yığma komandada çiyin-çiyinə uzun yol qət etmişik. Eyni vaxtda da World Rugby tərəfindən təşkil olunmuş məşqçilər seminarını da uğurla bitirib beynəlxalq dərəcəli məşqçi sertifikatına yiyələnmişik.  İlqar Azərbaycanın ən güclü reqbiçilərindəndir. Onunla yenidən bir yerdə çalışmaq mənə əlavə stimul verir. Onun “Qarabağ”a qoşulması isə klubumuzun inkişafında mühüm rol oynayacaq.

 

- 2016-cı ildə iki oyunçunuz Gürcüstan klublarının birinin heyətində təlim-məşq toplanışında iştirak edərkən həmin klubun maraq dairəsinə düşməyi bacarməşdılar və bunu klubunuzun uğuru kimi giymərləndirmək olar. Yetirmələrinizin gələcəkdə milli yığma komandanın heyətinin əsasını təşkil etməsini gözləmək olarmı?
- Bəli, 2016-cə ildə Nəzər Cəfərov və Kamran Axundov Gürcüstana uğurlu səfər etmişdilər. Əminəm ki “Qarabağ”ın heyətində millinin şərəfini qorumağa layiq olan oyunçular yetişəcək. Milli komandanın üzvü olmaq şərəfli və qürurvericidir.

 

- Azərbaycan reqbisində canlanmanın yaranması bu idman növünə marağın getdikcə artmasına səbəb olacaq. Fikrinizcə, reqbi idman növü uşaqları, yeniyetmələri və gəncləri hansı özəlliyi ilə cəlb edə bilər?
- Reqbi hal hazırda ölkəmizdə populyar olmasa da, Olimpiya proqramına daxil olunduqdan sonra bu idman növünə maraq artmaqdadır. Reqbinin çox özəlliyi var. Məsələn, insanların marağını ilk olaraq cəlb edən topun qeyri standart formada olmasıdır. Oyunu maraqlı edən amillərdən biri də qaydalardır. Yazılmış və yazılmamış qaydalar. Yazılmış qaydalar oyunu meydançada idarə edirsə, yazılmamış qaydalar reqbiçilərin həm meydançada, həm də reqbidən kənarda da onların davranışını idarə edir. Komandasına, rəqiblərə, hakimlərə və tamaşaçılara hörmət əsasında qurulmuş oyun Böyük Britaniya ölkələrində sadəcə, bir idman növü yox, rəsmən tərbiyə üsulu kimi qəbul edilir. Mənim də bu idman növünü seçməyimin səbəbi reqbinin digər idman növlərindən fərqlənməsi ilə bağlıdır. Buna görə valideyinlərə üzümü tutub demək istərdim ki, uşaqlarına reqbidə özlərini sınamağa şans versinlər. Vacib məqamı da qeyd edim ki, klubumuzda üzvlük ödənişsizdir və bu da reqbini bütün ailələr üçün əlçatan edir.

- Klub bir neçə beynəlxalq yarışlarda iştirak edib. Hətta bir beynəlxalq turnirin təşkilatçısı olub. Ən yaddaqalan oyun hansi olub?
- 2016-cı ildə “Pələng” komandası üzərində qazandığımız qələbə oyununu qeyd edərdim. Bu oyun mənim məşqçilik karyeramda “Qarabağ”ın ilk beynəlxalq turniri və ilk rəsmi qarşılaşması idi.

- “Qarabağ” klubu Şuşanı təmsil edir. Qədim şəhərimizin işğaldan azad edilməsi komandaya necə təsir etdi?
- 5 yaşı olan “Qarabağ” klubun özəlliyi məhz Şuşa şəhərini təmsil etməsidir. Şuşamızın işğaldan azad edilməsi klubumuzun bütün üzvlərinə möhtəşəm ruh yüksəkliyi gətirdi. Klubumuz adından Ali Baş Komandanımıza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik ki, bizə görmədiyimiz lakin uzun illər həsrətində olduğumuz doğma şəhərimizi düşməndən alıb xalqımıza qaytardılar. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr diləyirəm.


04:04 31.12.2020
Xəbər lenti
Bütün xəbərlər