KANAL24.AZ
Az Iw En Ru

Hemilton Şumaxerin fanatlarına müraciət etdi

Şumaxerin fan-klubunun rəhbəri Hemiltona “beynini işə salmağı” məsləhət görüb.

Üçqat dünya çempionu Lyuis Hemilton, əfsanəvi almana qarşı hörmətsizlik nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, üçüncü titulunu qazandıqdan sonra Lyuis Hemilton müsahibələrinin birində “çempionatda qalib gəlmək üçün heç vaxt Mixaelin etdiklərini etmədiyini” deyib, bununla da alman pilotunun pərəstişkarlarının qəzəbinə tuş gəlib.

Dünya çempionunun fan-klubunun rəhbəri britaniyalıya bu qəbildən olan şeylərdən söhbət getdiyi zaman “danışmazdan öncə düşünməyi” və “beynini işə salmağı” məsləhət görüb.

Bir müddət keçdikdən sonra Hemilton İnstagram sosial şəbəkəsindəki səhifəsi vasitəsilə Şumaxerin azarkeşlərinə müraciət edib.

“Mixael Şumaxerin bütün azarkeşlərinə. Mən istərdim ki, mənim Mixaelin istedadının nə dərəcədə böyük fanatı və pərəstişkarı olduğumu biləsiniz.

Mən onun ilk illərdəki çıxışlarını və yeddinci titulunu qazanaraq karyerasını izləyərək böyüdüm.

O, hər zaman böyük pilot olub və olacaq da. Mən onunla müəyyən bir zamanı bir yerdə keçirmək üçün şansım olduğundan qürur duyuram.

O, hər zaman mənə qarşı mehriban olub. Onun sonuncu yarış günündə ona yaxınlaşmağa və dəbilqələrimizi dəyişdirməyi xahiş etməyə özümdə cürət tapdım, o isə lütfkarcasına razılaşdı.

Xahiş edirəm, oxuduğunuz hər şeyə inanmayın. Mən böyük hörmət hissi ilə yanaşdığım ona və ailəsinə heç bir zaman hörmətsizlik etmərəm. Mən onun tezliklə sağalması üçün dua edirəm. Xoş arzularla Lyuis” - Lyuis yazıb.

Hemiltonun yazılanlara inanmamağı məsləhət görəndə nəyi nəzərdə tutduğu məlum deyil, axı müsahibə kameraya çəkilib və Şumaxer haqqında ifadə dəqiq və birmənalı səslənir.

Xatırladaq ki, Lyuis son iki il ərzində iki titulunu qazandığı “Mercedes” komandasının tərkibində 2013-cü ildə məhz Mixaeli əvəz edib.


00:51 11.11.2015