KANAL24.AZ
Az Iw En Ru

Sabiq deputat Elmlər Akademiyasını ləğv etməyə çağırdı

“Elmlər Akademiyası sovet rejiminin məntiqinə uyğun bir qurumdur. SSRİ yer kürəsində ikinci böyük güc mərkəzi idi. Dağılandan sonra belə bir akademiyaya ehtiyac qalmır. Belə akademiyalar və onların institutları təhsil müəssisələri arasında yavaş-yavaş əriməlidirlər. Məsələn, akademiyanın Fizika İnstitutu BDU-nun Fizika fakültəsi, Energetika İnstitutu Texniki Universitetin Energetika fakültəsi ilə birləşdirilməlidir”. 
 
Bunu Modern.az saytına açıqlamasında Elmlər Akademiyasının həm bizim, həm də hər hansı ölkə üçün nə dərəcədə vacibliliyindən danışarkən sabiq deputat, uzun müddət parlamentdə Elm və təhsil komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov bildirib. Onun sözlərinə görə, dünyanın bir çox yerlərində Elmlər Akademiyasını müasir elmi mərkəzlər, laboratoriyalar əvəz edir:
 
“Avropanın bir çox yerlərində Elmlər Akademiyası yoxdur. Olanlar da forma etibarilə bizimkilərə oxşardı. Amma məzmunca fərqlidir. Formaca bizim akademiya onlara oxşardı, amma məzmun yoxdu. Bunun da bir neçə səbəbi var. Xaricdə olan elmi qurumların hamısında ən xırda detallara da diqqət yetirilir. Məsələn, orada demək olar ki, bütün laboratoriyalarda alimlərin iş fasiləsində nahar etməsi, çay fasiləsinə çıxması üçün şəraitləri var. Alimin ən çox istifadə etdiyi sürətçıxaran maşındır. Bizlər elmi mənbənin sürətini çıxarmaq üçün müəllim, tələbə qarşıq hamımız hər səhifəyə pul ödəyirik. Amma xaricdə bu, qətiyyən belə deyil. Aparat böyük dəhlizdə qoyulur və bütün əməkdaşlar ondan pulsuz istifadə edir. Yalnız könüllü yardımetmə prosesi var. Onda da hər bir əməkdaş oradakı qutuya kağız alınması üçün cüzi miqdarda pul atır. Bunlar ən xırda detallardır. Lakin məzmunca tamamilə fərqlidir”.

18:36 20.10.2015