KANAL24.AZ
Az Iw En Ru

Deputat Türkiyədə kitabının təqdimatını keçirib

Türkiyənin qədim bölgələrindən olan Bolu vilayətində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanma mərasimi olub.

Mərasimdə Bolu bölgəsinin çoxlu sayda ziyalıları, gəncləri,  jurnalistləri, eyni zamanda Beynəlxalq Koroğlu Simpoziumunda iştirak etmək üçün Boluya gələn Türk dünyasının müxtəlif bölgələrindən olan ziyalılar, sənətçilər də  iştirak ediblər.

Təqdimat  zamanı  millət vəkilinin Türkiyədə Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir (“Seni Allaha aşk götürür”), “Aşk Başka” adlı kitabları, həmmüəllifi olduğu “Karabağ Hikayeleri” kitabları da daxil olmaqla kitablarının  təqdimatı və imzalanması olub.

"Fəxri Vətəndaşı olmaqdan hər zaman qürur duyduğum Boluda bu cür gözəl tədbirin təşkili üçün Bolu bələdiyyəsinə və universitetinə, tədbirdə iştirak edənlərə və media mənsublarına  təşəkkür edirəm" deyən Q.Paşayeva Azərbaycanın müstəqilliyə keçdiyi yoldan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı Soyqırımından, şəhid olan dostlarından, sinif  yoldaşlarından və kitablarından geniş danışaraq "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri işğaldan azad edəcəyimiz  Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyib.

Qədim Bolunu Azərbaycanda daha geniş tanıtmaq üçün “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının yaxın günlərdə çapdan çıxacaq  yeni  2-ci hissəsində Bolu ilə bağlı geniş yazısının da öz əksini tapacağını deyən Qənirə Paşayeva "bu mənim qədim Bolu və əziz bolululara sevgimin bir ifadəsi də olacaq" deyib. Millət vəkili sonra Bolu  ziyalıları, gənclərı, KİV təmsilçiləri üçün kitablarını imzalayıb. Bolu bələdiyyə başqanı və universitetin rektoru Qənirə Paşayevaya təqdimat və imzalanma mərasimi üçün təşəkkürlərini bildiriblər.

Q.Paşayeva gənclərin müəllifi olduğu  kitablarla bağlı suallarını da cavablandırıb və bildirib ki, Türkiyədə çıxan “Allah, sevən kalplerdedir” ve “Aşk Başka” kitabından əldə ediləcək bütün gəlir yoxsul ailələrin qızlarının universitetdə təhsil ala bilməsi üçün xərclənəcək və kitablarının belə bir missiyaya xidmət edəcəyindən çox məmnundur. 

“Kitablarınıza belə diqqət gözləyirdinizmi” sualına cavabında millət vəkili kitablarıma diqqət göstərən bütün dəyərli oxuculara təşəkkür edirəm deyib.

Deputat Türkiyənin bəzi bölgələrində də kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını və mümkün olduğu qədər iştirak edəcəyini də söyləyib.  /modern.az/

 

 

 

23:23 24.08.2015