KANAL24.AZ
Az Iw En Ru

İftarda görüşən Gül və Ərdoğan arasında gərgin söz atışması

İstanbul Dostluq Dərnəyi tərəfindən təşkil olunan  iftar tədbirinə Türkiyənin sabiq və indiki prezidentləri - Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan da qatılıb. Uzun müddətdən bəri ilk dəfə bir yerdə olan siyasətçilər arasında soyuqluq diqqət çəkib.
 
Kürsüyə ilk öncə çıxan Abdulla Gül Orta Şərqdəki  xaos şəraitinin, radikal meyillərin artdığı bir dövrdə Türkiyənin güclü olması gərəkdiyini bildirib. O, hökumətin xarici siyasətini də tənqid edərək deyib: «İslam ölkələrinin özləri özlərini zəiflətməsi həqiqətən çox acıdır. Bu baxımdan inanıram ki, Türkiyə olaraq  bü ölkələrə yardımçı olmalıyıq. Bunun üçün də şübhəsiz ki, hamı ilə əlaqələrimizi genişləndirməliyik. Liviyadan Misirə qədər, Yəməndən  bütün körfəz ölkələrinə qədər əvvəllər necə onlara ilham idiksə, yenidən bu ölkələrə ilham olmalı, yol göstərən olmalıyıq. Açığı bu mənada, Orta Şərq və Ərəb  siyasətlərimizi daha düzgün bir şəkildə gözdən  keçirmənin  faydalı olacağı qənaətindəyəm».
 
Gül nitqini bitirərkən «Biz cənab prezidentlə  xələf və sələfik», - deyə bildirib.
 
Bundan sonra səhnəyə Ərdoğan çıxır. O, nitqinə başlar başlamaz ağır cümlələr ifadə edib, çıxışının sonunda  isə Gülün vurğuladığı «xələf və sələflik» mövzusuna da toxunaraq deyib:  «Siyasi həyatımızda  yüzlərlə siyasətçi keçib. Bunların bir qismini xeyirlə anır, digərlərini isə çox da yaxşılıqla anmırıq».
 
Ərdoğanın bundan sonra ifadə etdiyi sözlər isə zalda soyuq bir külək effekti yaradıb:  «Böyük və güclü Türkiyə hərəkatına ürəkdən inanırıq. Vəfa bu hərəkatın məhək daşıdır. Xəyanət edənlər, hərisliyə məğlub olanlar, qorxaqlar, eqolarının qurbanı olanlar, nəfəsləri kəsilənlər əlbəttə çıxdı. Onları olduqları yerdə buraxdıq və yolumuza davam etdik…» (faktxeber)
 

00:43 14.07.2015