KANAL24 ONLINE TV
Az Iw En Ru

Avropa Oyunlarının Açılış Mərasimi belə oldu

Mehriban Əliyeva: «Bu, sizin üçündür, Bakı 17 gün ərzində sizə ikinci ev kimi olacaq»
Patrik Hikki: «Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq»

 

Dünən Azərbaycan paytaxtında - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda "Bakı-2015" I Avropa Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
 
Mərasimin aparıcıları kimi Murad Dadaşov və Hüsniyyə Məhərrəmova səhnəyə çıxıb. Aparıcılar tamaşaçıları salamlayıblar. Mərasim "Natiq" ritm qrupu və müğənni Elnur Hüseynovun mahnılar ifa etməsi ilə başlayıb. M.Dadaşovun təklifi ilə stadionda Meksika dalğası yaşanıb.
Daha sonra I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən 6 min idmançının paradı başlayıb. Paradın önündə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan təmsilçisi gedib. 
 
Azərbaycan istisna olmaqla, digər ölkələrin komandaları Yunanıstanın arxasında əlifba sırası ilə düzülüb. Paradı ev sahibi kimi Azərbaycan idmançıları başa vurub. İdmançıları tamaşaçılar ayaq üstə sürəkli alqışlarla qarşılayıblar. 
 
Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif ölkələrindən olan 8 tanınmış qadın və kişi gətirib. Bayraq Avropa Olimpiya Komitəsinin 50 üzvünü təmsil edir.
Daha sonra "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar Bakıya gələn məşhur amerikalı şou-biznes ulduzu Ledi Qaqa səhnəyə çıxıb. Sənətçi piano arxasında əyləşərək, "İmagine" ("Xəyal et") mahnısını ifa edib.
 
Sözləri Con Lennonun klassik pop mahnısına aid olan musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir. Tamaşaçılar ifanı alqışlarla qarşılayıblar.
"Azərbaycana, Birinci Avropa Oyunlarına xoş gəlmisiniz. Oyunların açılış mərasimi ilə bağlı Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm". Bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva oyunların rəsmi açılış mərasimində çıxışında deyib. 
 
Mehriban Əliyeva bildirib ki, Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar nəticəsində bu gün Avropa Oyunlarının tarixində yeni səhifə yazılır: "Bu səhifəni biz, Azərbaycan xalqı yazır. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir. Atəşgahda alovlanan ruh hər birimizi bir araya gətirir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə bu oyunların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edirəm".
 
M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətə, tarixə malik, tolerant bir ölkə olduğunu vurğulayıb: "2017-ci ildə biz İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyik. Azərbaycanın inkişafı bu cür tədbirin keçirilməsinə imkan yaratdı. Qısa dövrdə Avropa Olimpiya Oyunlarına hazırlaşdıq. Mən dəstək verən hər kəsə, beynəlxalq tərəfdaşlarımıza, könüllülərə təşəkkür edirəm. Burada 6 min Avropa idmançısı iştirak edir. Bu, sizin üçündür. Bakı 17 gün ərzində sizə ikinci ev kimi olacaq. Mən bu gün Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə fəxr edirəm. Gələn il Avropa Oyunlarının məşəli nə qədər uzaqda olsa da, o ruh Azərbaycanda olacaq".
 
"Bu, Avropa Oyunları tarixində ən fərəhləndirici məqamdır. Biz bu gün qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik". Bunu isə açılış mərasimində çıxış edən Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki söyləyib. 
 
P. Hikki deyib ki, bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya təşəkkür edir: "Siz qürur doğuran yoldasınız, sizinlə bu yolda addımlamaqdan şərəf duyuruq. İdmançılar üçün möhtəşəm səhnə hazırlandı. İdmançıların bir çoxu növbəti Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Sizi adınızı Avropanın şanlı idman tarixinə yazmağa çağırıram".
 
Daha sonra mərasim yeni rəngarəng səhnələrlə davam etdirildi və möhtəşəm atəşfəşanlıqla yekunlaşdı.

01:10 13.06.2015