KANAL24.AZ
Az Iw En Ru

Ali təhsil müəssisələrində imtahan sessiyası mayın 31-dək bitəcək

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən Kanal24-ə verilən məlumata görə, əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının 11 may 2015-ci il tarixində başlanılması və 31 may 2015-ci il tarixində sona çatdırılması qərara alınıb.

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri:

1. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyası 11 may 2015-ci il tarixindən başlasın və 31 may 2015-ci il tarixində sona çatsın.

2. Ali təhsil müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- imtahanlara buraxılacaq tələbələrin siyahısını dəqiqləşdirsinlər;
- rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.

3. Elm və ali təhsil (G.Hüseynova) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.

5. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.

6. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.


02:02 16.04.2015