KANAL24.AZ
Az Iw En Ru

Küveytdə 28 May-Respublika Günü münasibətilə qəbul təşkil edilib

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən bu ölkənin “Marina” mehmanxanasında 28 May-Respublika Günü münasibətilə təntənəli qəbul keçirilib.

Səfirlikdən  qəbulda Küveyt Dövlətinin Təhsil və Ali Təhsil naziri Məhəmməd Ədüllətif Məhəmməd Əl-Fares, Küveytin dövlət və hökumət nümayəndələri, Küveyt Dövləti Əmirinin oğlu Şeyx Nasir Əl-Sabah (Əmir Administrasiyasının rəhbəri), qardaşı oğlu Şeyx Təlal Əl-Sabah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərinin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, Türk icmasının üzvləri və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Elxan Qəhrəman çıxış edərək son illərdə ölkəmizdə keçirilən beynəlxalq konfranslardan, idman yarışlarından, respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrdəki sürətli inkişafdan ətraflı bəhs edib. Diplomat ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib.

iki ölkə arasında son illərdəki qarşılıqlı səfərlərdən danışan səfir turizm sahəsindəki əlaqələrdən söhbət açıb. Bildirib ki, 2017-ci ildən başlayaraq Küveytin “Əl-Cəzirə” aviaşirkətinə və “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələr iki ölkə arasında xüsusi çarter reyslərini həyata keçirir.

E.Qəhrəman çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, bu məqsədlə ölkəmizdə bir çox tədbirlərin keçirildiyini və il ərzində keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb, həmçinin 12-22 may tarixlərində dünyanın 4 qitəsindən 50-dən çox müsəlman ölkəsinin idmançılarının iştirakı ilə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışıb və artıq bu Oyunların böyük uğurla başa çatdığını qeyd edib.

Tədbirdə respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələrini özündə əks etdirən sənədli film nümayiş etdirilib.

Daha sonra səfir E.Qəhrəman kütləvi informasiya vasitələrinə, televiziya kanallarına müsahibə verib.

Küveytdə ərəb və ingilis dilində gündəlik nəşr edilən kütləvi informasiya vasitələrində 28 May- Respublika Günü münasibətilə səfirlik tərəfindən keçirilən tədbir barədə ətraflı məlumatlar nəşr edilib.

Tədbirdə Küveyt tərəfindən rəsmi qonaq qismində iştirak edən Küveyt Dövlətinin Təhsil və Ali Təhsil naziri Məhəmməd Ədüllətif Məhəmməd Əl-Fares KİV-lərə müsahibəsində Azərbaycan ilə Küveyt arasında iqtisadi, ticari, siyasi, turizm sahələrində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, həmçinin iki ölkə arasında təhsil sahəsində də əlaqələrə toxunub, Küveytin Azərbaycanın təhsil sahəsi ilə, xüsusilə də oradakı universitetlərin təhsil sistemi ilə tanış olmaq arzusunda olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Küveytdəki səfirini bu sahədə müzakirələrin aparılması məqsədilə nazirliyə dəvət etdiyini də vurğulayıb.

Eyni zamanda, Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman kütləvi informasiya vasitələrinə açıqlamasında iki ölkə arasında münasibətlərin bütün sahələrdə, xüsusilə də mədəniyyət və turizm sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bu istiqamətdə son illərdə bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb.

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü təntənəli qeyd edildiyini vurğulayan səfir ölkəmizdə 1918-ci ilk Şərqdə ilk demokratik müsəlman dövlətinin yarandığını, müəyyən səbəblərdən çox uzun yaşamadığını, lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.

Səfir KİV-lərə müsahibəsində, həmçinin Ermənistan Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə toxunub, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Diplomat Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.


23:58 29.05.2017