KANAL24.AZ
Az Iw En Ru

Kəlbəcərin “qala” dərdi...

Hər adama ilk baxışdan, ilk tanışlıqdan, təsadüfi bir ünsiyyətdən dost demək olmur. Dostumuz Məhəmməd Nərimanoğlu ilk tanışlıqdaca adamı ofsunlayır, onunla ülfət bağlayırsan, dərdinə şərik bilirsən. Elə sanırsan ki, onunla illərin tanışı, doğmasısan, sirdaşısan.

   Məhəmməd Nərimanoğlunu “Vətən səsi”ndən tanıyıram. O qəzetdə neçə-neçə dəyərli yurd ətri hopmuş, Vətən qoxusu gələn yazılarını oxumuşam. Onun publisistikası birinci sətirindən, ilk cümləsindən, fikirindən yapışır adama. Çünki səbəbsiz yazmır, qələmini işlədən, ruhunu dilləndirən, ovqatını yazıya, sənətə kökləyən çoxlu müşgül halları, nisgilləri var. Kələbəcərlə bağlı 20-dən çox kitabın müəllifidir. Yaradıcılığı rəngarəng olsa da, bütövlükdə Kəlbəcər həsrətinə köklənib. Onun qələmini, düşüncəsini hərəkətə gətirən əsas duyğusu qoyub gəldiyi eli-obası, doğma torpağının qoynu, ağırdan-ağır Kəlbəcər elatıdır. İndi bu elat neçə illərdir ki, öz karvanından qopub; Azərbaycanın müxtəlif guşələrinə səpələnib. Elat bir yerdə olanda gur olur, güclü olur. Sınıb qol-qanadı Kələbəcərin, çağlayan suları quruyub, el-obaya ruh verən havası yoxa çıxıb; dağ havası, Kələbəcər havası...

Amma saz yaşayır, sənət, söz boy verir bu yurdun övladlarının içindən. Kəlbəcər torpağından çıxmış böyük sənətkarların - Ağdabanlı şair Qurbanın, oğlu Dədə Şəmşirin, Sücaətin, Bəhmənin və onlarca belə qədir-qiymət bilən, xalq ruhunu yaşadan sənətkarların yaradıcılığında Kəlbəcər həyatı öz qocaman və müdrik təbiətilə yaşamına davam etməkdədir.

Bu sırada Məhəmməd Nərimanoğlunun da çox dəyərli, özünəməxsus yeri var. Bu günlərdə mənə təzə kitabının siqnal nüsxəsini bağışladı. Elə sevinirdi, elə sevinirdi, sanki dünyaya yeni bir övladı gəlmişdi. Şeirləri toplanıb adına “Qala dərdim” dediyi kitabında. Xəyalımda Şərqin, Azərbaycanın, eləcə də bütün dünyadakı tarixi qalaları gəzdim. Əlincə qalası, Şuşa, Gələrsən-görərsən, Bəzz qalası... bu qalalar hər biri nə qədər məğlubedilməz sayılsa da, düşmən bu zirvələri də, bu alınmaz daş barıları da istila edib. Amma Məhəmmədin qalasına gücü çatmayıb. Bu elə həm də Mövlanə Füzuli kədərinin qalasıdı, Dədə Ələsgərin nəsillərə ərmağan qoyduğu söz qalasıdır ki, düşmən nə qədər kəmfürsət olsa da, bu qalaya ayaq basa bilmir. Bir qala da Məhəmməd Nərimanoğlunun dediyi kimi, dərd qalasıdır. O, dərdini o qədər məhəbbətlə sinəsinə sıxır ki, daha şövq ilə, daha böyük bir hislə, sinəsini şan-şan, ürəyini köz-köz edən dərdlərinə qala dərdim deyir. Onlarla şeiri Kəlbəcər adı ilə başlayır. Bu ürək soyumur, Vətən, torpaq yanğısı ötmür, kül olub sulara qarışmır... Kəlbəcərin dağlarından, daşlarından, qayaların dibindən sızan, çeşmə kimi qaynayıb çağlayan bulaqlarından söhbət açır. Yurdun hər çiçəyi, hər daşı onun üçün bir Vətəndir. Ana laylası tək şirin olan bir yurd bayatısıdır. Bəlkə də Məhəmməd Nərimanoğlu üçün Kəlbəcərin çöllərində, meşələrində ulayan qurdların, bayquşların viranəliyə təşnə ulartısı da Vətən rəngindədir; yurd dadında, yurd tamındadır.

Nədənsə, mən onun şeirlərini, poeziya biçimində ifadə etdiyi, dilə gətirdiyi hislərini payız rəngində, payız əlvanlığında görürəm. Payızın rəngi sarıdır, amma bu sarlığın özündə dünyalarca bir əlvanlıq, rənglərin minlərlə çeşidi var. Payız rənglərində ölümün səsi, sevginin təravəti, baharın nəğməsi, kişiliyin, ərliyin, fədakarlığın harmoniyası, içində hisslərini gizlədən, amma ümman qədər sevgisi, məhəbbəti olan insan mənzərələri var. Bütün bu əlvanlığı payız fəslində üzə çıxaran təbiətin özünün qüdsiyyətidir; yerin, göyün müdrikliyidir. Təbiətin bilmədiyimiz yaşının, dərk edə bilmədiyimiz idrakının qocamanlığıdır. Həm də daha çox payıza əlvanlıq gətirən payızın və bu dövrdə, ümumiyyətlə, təbiətin, canlı varlığın dərdə bürünməsidir. Elə bil ki, təbiətin o saralıb-solmuş bənizi bütövlükdə bir kəfəndir; payız kəfəni - solub getməkdə olan varlığın geyindiyi paltar...

Məhəmmədin şeirləri də, publisistikası da digər yaradıcılığı kimi, hara çevirsə, hansı mövzudan yapışsa hisslərini hansı çaya, hansı bulağa tərəf döndərsə, yenə də dərdin, kədərin qapısını döymüş olur. Ruhunda, cismani varlığında Kəlbəcər boyda həsrəti var. Məhəmmədin qəlbi sanki Ədalətin, Aşıq Cavanın, Aşıq Nəcəfin sazıdır. Dillənəndə susan könüllərə, bağrında köz yarası olan qəlblərə od düşür:

 

Dədə Şəmşir, bilirsənmi, gül açmır,

Xəzan vurub bahar çağı dağları.

Balaları şirin-şəkər dil açmır,

Bürüyübdür fəryad, ağı dağları...

 

Bu saz, bu nəğmə, bu nəğmənin qopduğu qəlb pərdə-pərdə zilə qalxır. Dərdin zilinə, dərdin qalasına, ucalığına...

 

Köç eyləyib, ellər səndən aralı,

Sinəsindən çalın-çarpaz yaralı.

Alıbdır nişana körpə maralı,

Salıbdır kəməndə yağı dağları...

 

Məhəmməd Nərimanoğlunun dağları əsirlikdədir. Dilqəmi, Şahbazı yağı kəməndindədir. Dilqəmi, Şahbazı əsir olan şair necə qan ağlamasın, dərdlərinə necə yas tutmasın? İçində nə qədər vüqar, təpər böyütsə də...

Məhəmməd Nərimanoğlunun belə bir bəndi var, qala dərdlərindən üzdüyü bəndlərin misralarını deyirəm...

 

Duymaq istəyənlər min çiçək ətri,

Baharda bir qonaq ola dağlara.

Dönəndə arana ağır elləri,

“Yurd yeri”, “Dilqəmi” çala dağlara.

 

Sən demə, bu dağların, bu ellərin “Yurd yeri” havası varmış. Dilqəm adını yaşadan şahbaz igidləri varmış.

 

Məhəmməd Nərimanoğlunun “Qala dərdim” kitabı yurda çağırış nəğməsidir. Nə qədər qəribə səslənsə də, deməliyəm ki, bu nəğmənin içərisində ağıl da var, hissiyat da; ağılla hissiyatın vəhdəti də. Bütövlükdə dərd-kədər, iztirab, həyatın müxtəlif mənzərələrindən sevinmək, gülmək işartıları da “Qala dərdim”in azuqəsi, qidasıdır.

Könlümə yatan neçə misrası var ki, üstündən adlayıb keçdim, bildim ki, toxunsam yazım, sözüm, söhbətim uzanacaq. Məsələn, “Dərd alır dərd üstdən zədəli könlüm”, “Fələyin zülmüylə hədəli könlüm”... belə misralar müəllifin bağrından qopan ahların, nalələrin düyün nöqtələridir. Düyün deyirəm, mişar işləməz, balta kəsməz, göz yaşı islatmaz. Nə zülmlə əriyər, nə xoş bir qılıqla, nə də ki, dünyanın heç bir nemətinə dəyişməz bu dərdi şair. Məhəmməd Nərimanoğlu dərdini heç kimə, heç nəyə satan deyil; necə ki, indiyə kimi satmayıb.

... Nəhayət, son sözlərimə işıq tuturam Məhəmmədin bir dördlüyünü...

 

Qalaq-qalaq qaldırmışam,

Qalaqlanıb qala dərdim.

Böyüyübdü, qocalıbdı,

Mənim kimi bala dərdim.

 

Başqalarını deyə bilmərəm, Məhəmmədi dərdi şair elədi. Həsrətdən gözü tutulan Sücaəti, dili hikmətlə dolu Bəhməni şair edən dərd biçarə Məhəmmədi də tapdı. Kor ümidlər, kor inamlar yedi, qazdı ürəyini bu millətin təpədən-dırnağa şair övladlarının.

Açığı, bir məsələ çox qorxudur məni. Bu millətin şair övladlarının sayının çoxalması xalqın düçar olduğu dərdlərinin ağırlığının göstəricisidir. Dərd artdıqca şairlər nəsli də çoxalır. Biz isə şairliyimizlə, şairanə sözümüzlə min illərdir fəxr edirik, qürur duyuruq. Amma fərqinə varmırıq ki, biz, əslində, dərdimizin quluyuq, kədərimizin nökəriyik. Biz çoxdan, lap çoxdan yüyənimizi dərdə vermişik. Dərdin, kədərin ovsarında gedir Azərbaycan. Hara, gündoğana, yoxsa günbatana? Hər halda, anlamaq, qanmaq, duymaq millətin böyüklüyüdür. Biz kiməsə borclu deyilik, bizə borcu olanlar isə nə qədərdir. Axı, qanan həmişə qanmayana borcludur. Mənim də çoxlu borcum var, heç öhdəsindən gələ bilmirəm. O ki qalmışdı Məhəmməd Nərimanoğlu kimi şair olasan. Gəl onda, yetim, şələni çək.

Bir həmdərd, həmfikir, bir eloğlu kimi Məhəmməd Nərimanoğlu ilə fəxr edirəm. Dərdindən qala yapıb. Elə buradaca Məmməd Aslanın bir deyimi dilimin ucuna gəlir. Səhv etmirəmsə, Dədə Ələsgərin ruhuna ünvanlayıb: “Dağa çıxdım koma yapam, gördüm qala yapıbsanmış”...

Qalalarımız çoxdur. Yuxarıda adlarını sıraladığım qalalar, ən möhtəşəm Bəzz qalamız belə Azərbaycan işığının, Oğuz yurdunun, Zərdüştçiliyin, Xürrəmiliyin yadigarıdır. Qısası, əsrlərdir çağımıza qədər yol gəlmiş ağrımızın-acımızın yoğrulduğu, daşa çevrildiyi dərdimizin qalasıdır. Kim nə deyir-desin, Məhəmməd Nərimanoğlu da bir qaladır. Azərbaycan dövlətçiliyini təbliğ edən, sərhədlərimizi qoruyan, xalqımızın mənəviyyatının keşiyində dayanan bir qala timsallı əsgər var “Azərbaycan” qəzetində. Bu qəzetin tarixi də az deyil. Cümhuriyyət dövründən yaşaya-yaşaya üzübəri gəlir. Görünür, bu qəzetin, bu ocağın, bu söz meydanının keçmişdə də Məhəmməd adında, Məhəmməd qeyrətində, Məhəmməd təpərində əsgərləri olub. “Azərbaycan” körpü tağları qədər əzəmətli, qüdrətli çiyinləri olan məhəmmədlərin çiynində gəlib çatıb yaşadığımız yüzilliyin astanasına. Belələri açıb müstəqilliyin qapısını, azad düşüncənin pəncərəsini...

“Qala dərdim”i bütövlükdə hissiyyatlar, hissiyyatlarla dolu insan mənzərəsi kimi oxuyub başa vardım. Kitabın təhlilinə getmək istəmədim. Təəssuratlarımı yazmağa üstünlük verdim. Əgər Məhəmməd Nərimanoğlu adi bir oxucuda bu qədər təəssurat yarada bilirsə, əhsən bu düşüncəyə, afərin bu ilhama, həyata, insana bağlı olan bu əqidəyə, bu səmimiyyətə! İnsan öz içinin kələfini çözəndə, öz dərdini çəkinmədən bəzəksiz-düzəksiz kağıza köçürəndə özü də hiss etmədən daxilən böyüyür. Təmənnasız qələm, dünyanın heç bir varına-mülkünə boyun əyməyən düşüncə insanı ucaldır. Bəlkə də, dünyanın hər yerindən görünən tarixi qalalar qədər məşhur edir, tanıdır, onu hər zaman yaşarlığa çəkir. Qələm dostuma daha böyük yaradıcılıq uğurları arzulayıram. Taledən, dərddən- ələmdən, insan kədərindən yazmaq şərəfli işdir. İstərsən adına şair, yazıçı, bəstəkar, rəssam de, fərq etməz. Təki böyük Məmməd Araz demiş, qundaqdakı bir körpəni xilas etməyə yönəlmiş olsun səni hərəkətə gətirən bütün duyğu və düşüncələrin. Dünya, məncə, səmada qanad çalan bir sevgi ilahəsinin, bir məhəbbət mələyinin qanadlarından asılıb. Təəssüf ki, dünyanın bu çağı barıt qoxuyur, ölüm saçır. Nə qədər murdar qüvvələr var ki, o sevgi qanadlarını qırmağa, əzməyə çalışır. Şairlər dünyanı qoruyan mələklərdir. Biz onları qorumasaq da, dərdləri onları qoruyacaq, yaşadacaq.

 

                                                                                                         Fariz ÇOBANOĞLU

                                                                                                              "Kanal24"


19:06 16.10.2014