KANAL24.AZ
Az Iw En Ru

Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun anadan olmasının 80 illik yubileyi keçiriləcək. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

2015-ci ilin iyulun 28-də görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı V.Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

Bəstəkarın muğam xəzinəsi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Böyük musiqiçilər nəslinin layiqli davamçısı V.Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duyub. Müxtəlif illərdə bəstələdiyi opera, simfoniya, simfonik poema, fortepiano, skripka, violençel üçün konsertləri, oratoriya və musiqili komediyaları V.Adıgözəlova böyük şöhrət gətirib. Onun yaradıcılığı irihəcmli əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 11 fevral 2015-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.

Tədbirlər planına əsasən, il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında görkəmli bəstəkarın 80 illiyinə həsr olunmuş konsert və tədbirlərin, "dəyirmi masa"ların keçirilməsi, tamaşaların göstərilməsi nəzərdə tutulub.


01:53 11.03.2015