KANAL24.AZ
Az Iw En Ru

Türk ordusu böyük hərbi əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri (TSK) ölkə xaricindəki yeganə Türkiyə ərazisi sayılan Suriyanın Hələb şəhərindəki Süleyman Şah Türbəsində hərbi əməliyyat keçirib. 

Hərbi əməliyyatın məqsədi Süleyman Şah Türbəsini qoruyan 38 "Bordo bərəli"ni (Xüsusi təyinatlı əsgərlər) xilas etmək, Sülyman Şahın nəşini və türbədəki digər tarixi əşyaları oradan çıxarmaq olub. 

Gecə saatlarında başlayan və "İldırım əməliyyatı" adlanan hərbi əməliyyata 39 tank, 57 hərbi maşın və 572 xüsusi təyinatlı əsgər cəlb edilib. F16 qırıcı təyyarələri havadan piyada qüvvələrinin qorunmasını həyata keçiriblər. Pilotsuz təyyarələr isə əməliyyatın hərbi komandanlıq tərəfindən canlı izlənilməsini təmin ediblər. 

Hərbi əməliyyat səhərə yaxın uğurla bitib. Belə ki, "Bordo bərəli"lər  xilas edilib, şahın məzarı və türbədəki tarixi əşyalar oradan çıxarılıb. Əməliyyat zamanı ehtiyatsızlıqdan bir əsgər şəhid olub. 

Türbənin  İŞİD-in əlinə keçməməsi üçün məhv edildiyi bildirilir. Bundan əlavə, Süleyman Şahın nəşi Suriyadakı başqa bir ərazidə dəfn edilib. Həmin ərazi türk ordusu tərəfindən nəzarət altına alınıb və Türkiyə bayrağı qaldırılıb.



20:10 22.02.2015