KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın itirdiyi kino ustadı FOTOLARDA və onun qəribə tale yolu

Xəbər verdiyimiz kimi Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib.

Publika.az Azərbaycan kino tarixində böyük izlər qoyan rejissorun qısa yaradıcılıq və qəribə tale yolunu xatırladıb.

Yaradıcılıq yolu haqqında

Dövlət Mükafatı laureatı, kinodramaturq, rejissor Aydın Dadaşov filologiya elmləri doktoru, professor və tanınmış ziyalılarımızdandır. Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.

Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.

1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

Müxtəlif dramaturji situasiyaları ustalıqla təhlil edən Aydın Dadaşovun qəribə taleyi

Xatırladaq ki, A.Dadaşov bir müddət öncə ağır yol qəzası keçirmişdi. Qəzada ayaqları zədələnən Aydın Dadaşov uzun müddət hərəkət qabiliyyətini itirib və gips çıxarıldıqdan sonra da ayaq üstə dura bilmirmiş. İxtisasca həkim həyat yoldaşı uzun çabadan sonra bu çətin anlarında onun müalicəsi ilə özü məşğul olmaqla Aydın Dadaşovun ayağa qalxmasına nail olur. Lakin gecə-gündüz Aydın müəllimin qayğısını çəkən həyat yoldaşı bunun səfasını çəkə bilmir... Çünki Aydın Dadaşov ilk ayağa qalxdığı gün həyat yoldaşını dəfn etməyə yollanır. Qəfil ölüm onları bir-birindən ayırır. Baş vermiş faciə ona böyük mənəvi zərbə olub. Həyat yoldaşının ölümündən cəmi 7 ay sonra özü də vəfat edib.


16:11 15.03.2017