KANAL24.AZ
Az Iw En Ru

Ailə münaqişələri niyə artır?

Vəziyyət boşanma həddinə çatıbsa, demək, qadın dözmür.

Bunu psixoloq Vəfa Əkbər Axar.az-a ailə münaqişələrinin daha çox boşanma ilə nəticələnməsinə səbəb olan amillərdən danışarkən deyib.

Psixoloqun sözlərinə görə, münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir.

“Ailə münaqişələrinə daha çox səbrsizlik səbəb olur. Yəni, istər kişi, istərsə də qadın yola verməyi bacarmır. Sosial və maddi gərginlik insanları səbrsiz edir. Bu səbəbdən ailədə daha çox münaqişə baş verir. Qarşılıqlı münasibət yalnız iki tərəfin bir-birinə qarşı sevgisi olduğu zaman mümkün olur. Kənar müdaxilələr bu münaqişələrə bilavasitə yol açır. Buna görə də, ailə quracağın insana yaxşı bələd olmalısan. Əsasən dünyagörüşünə fikir vermək lazımdır. Çünki dünyagörüşünün fərqli olması ailədaxili münaqişələr zamanı ortaya çıxan əsas maneələrdən biridir.

Ailə münaqişələrinin daha çox paytaxtda baş verməsi isə sosiallaşma ilə bağlıdır. Şəhərdə cəmiyyət insanları çox da sıxışdırmır. Rayonda isə vəziyyət fərqlidir. Ətraf qınağı, “insanlar nə deyər” tipli suallar bəzən ailələrin dağılmasının qarşısını alır. Vəziyyət boşanma həddinə çatıbsa, demək, artıq qadın dözmür”.

Qeyd edək ki, təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailə Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata götürülüb ki, bunun da böyük hissəsi paytaxtın payına düşür.


15:40 03.03.2017