"Azərbaycan Dövlət Komissiyası hazırda naməlum məzarların müəyyənləşdirməsi sahəsində ciddi iş aparır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, Dövlət Komissiyası Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan 7 rayonda araşdırma apara bilmir : "Buna səbəb həmin ərazilərin Ermənistan hərbçilərinin nəzarətində olmasıdır".
İ.Axundovun sözlərinə görə, komissiya tərəfindən işğal olunmuş ərazilərdən kənarda aparılan araşdırmalar nəticəsində 179 naməlum şəhid məzarı müəyyənləşdirilib və GPS koordinatları çıxarılıb: "Əldə etdiyimiz məlumatlara əsasən həmin məzarlardan üçü naməlum şəkildə dəfn edilmiş uşaqlara aiddir".